“Biz qədim tariximizlə fəxr edirik” - DEPUTAT DANIŞDI

“Ölkəmizdə, bütün sahələrdə olduğu kimi, dövlət rəhbərliyinin yüksək diqqət və qayğısı ilə mədəniyyət sahəsində də kompleks və sistemli islahatlar həyata keçirilir. Bu islahatların və görüləcək işlərin daha keyfiyyətli və səmərəli olması isə aidiyyəti dövlət qurumlarından da asılıdır. Azərbaycan Vətən müharibəsindən sonra yeni tarixə qədəm qoyub. Cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ də davam edir. Biz bunu nəzərə alaraq, cəmiyyətimizi daha da təkmilləşməsində, dünya görüşünün artırılmasına hərtərəfli informasiya ilə əhatələndirməliyik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva deyib.

Deputat bildirib ki, bütün bunlara nail olmaq üçün isə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinə və təbii ki, yenilərinin hazırlanmasına böyük ehtiyac var.
Cəmiyyətimiz yeniliyə, liberallığa açıq bir toplum kimi tanınır. Dünyada çox az xalq var ki, bu qədər yeniliyə meyllidir. Azərbaycan insanı, gəncliyi hər zaman çalışır ki, dünyada mövcud olan yenilikləri mədəniyyət, elm, təhsil və texnologiya sahəsindəki innovasiyalardan istifadə etsin, onları öyrənsin və toplumun inkişafına xeyirli nələrsə verə bilsin.
İnsanlarımızın dünya görüşünün dəyişilməsi üçün bütövlükdə toplumun intellektual səviyyəsi dəyişməlidir: Toplumun, gənclərimizin daim bilgilərini artırmaq istiqamətində işlər görülməlidir. Yalnız dünya ədəbiyyatını mütaliə etmək deyil, elmi və sənət sahəsinə də maraq göstərilməlidir. Həmçinin elmdə və incəsənətdə böyük rəqabət olmalıdır. Estetik zövq, dünya görüşü bununla daha zənginləşir. Zamanında alimlərimiz, bəstəkarlarımız, incəsənət xadimləri arasında böyük rəqabət var idi. İndi bu rəqabət azalıb, "Beyin döyüşləri", "İncəsənət döyüşləri" hayıf ki, yox dərəcəsindədir. Çox sayda, bir-birinə rəqib olan beyin mərkəzləri yaratmaq lazımdır ki, onlar cəmiyyəti tərpədə bilsin.

Ölkəmizdə bu mühit var, onu sadəcə "alovlandırmaq"-həvəsləndirmək lazımdır.

Mədəniyyət — əqli və əxlaqi savaddır! Və onu işlətmək, becərmək lazımdır.
Bunun tənzimlənməsini isə biz" Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanununda tapa bilərik.

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Həmin Forumda ölkə rəhbəri çıxış edərək, artıq nə edəcəyimiz barəsində bizi yönləndirmişdir.
Çıxışda deyilir: "Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur.
Tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik. Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir. Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir.
Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir.
Multikulturalizm bizim üçün həyat tərzidir. Bu söz nisbətən yeni olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışıq...."

Bəli, bu gün multikulturalizm həm də siyasətimizin mühüm elementlərindən biri və bəlkə də ən önəmlisidir. Bu qədər "beyinlərin", "mədəniyyətlərin" qovuşduğu yerdə inkişaf sürətlə getməlidir. Bu platforma -daim yeniliklərlə zənginləşən və qeyri adi fikirlərlə dolu olmalıdır.

Bu gün Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin qabiliyyət imtahanları yekunlaşıb.

Qeyd edək ki, bu il ilk dəfə olaraq nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu vahid şəxsi kabineti vasitəsilə aparılıb və şagirdlərin bir məkanda mərkəzləşdirilmiş şəkildə imtahan vermələri üçün bütün lazımi şərait yaradılıb. Bu ilk növbədə vətəndaş məmnuniyyətini və obyektiv qiymətləndirməni təmin etmək üçün həyata keçirilir. Ümumilikdə 16280 nəfər elektron qeydiyyatdan keçib.
Onlardan 15000 nəfərə yaxın şəxs imtahanlarda iştirak edib.

Mən əminəm ki, imtahanların bu gün bu üsulla keçirilməsi, şəffaflıq baxımından da çox önəmlidir və gələcəkdə milli-mənəvi və mədəni irsimizin qorunmasında, inkişafında öz töhfələrini verəcəkdir. Biz incəsənət sahəsində yenilikləri, hələ görəcəyik! Çünki bir millətin formalaşması vəminkişafı üçün mədəniyyət ən ön cərgələrdə yer tutmalıdır“.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə