“Mədəniyyət sahəsində təhsil səviyyəsi kifayət qədər yüksəkdir” - DEPUTAT DANIŞDI

“Mədəniyyət nazirliyinin tabeliyində olan musiqi, incəsənət məktəb və mərkəzlərinə hər il qəbul keçirilir və ildən-ilə də bu prosesə nəzarət gücləndirilir. Bu prosesə Elm və Təhsil Nazirliyi, həmçinin Mədəniyyət Nazirliyi xüsusi diqqət ayırır. Azərbaycanda bu sahədə ciddi problem yoxdur. Çünki illərdir ki, incəsənətin inkişafı üçün müxtəlif tədbirlər görülür, proqramlar hazırlanır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Deputat bildirib ki, bizim milli sənət sahələri və beynəlmiləl incəsənət sahələrində peşəkar kadrlarımız var: “Bu istiqamətdə yaxşı müəllimlər var və gənclər də böyük maraq göstərir. Mədəniyyət sahəsində təhsil səviyyəsi kifayət qədər yüksəkdir. Orta ixtisas musiqi məktəblərini bitirən gənclərimiz sonradan ali təhsilə yönəlirlər.
Amma bununla yanaşı iki məqam xüsusilə qeyd olunmalıdır. Birincisi orta musiqi məktəblərində təhsil alan yeniyetmələrimizin ölkənin musiqi həyatında iştirakı get-gedə güclənir. Yəni, biz musiqi məktəbləri tələbələrinin konsertlərini izləyə bilirik. Hətta beynəlxalq festivallarda da onların ifalarına rast gəlirik. Bu incəsənətin bir çox sahəsində müşahidə olunsa da, daha çox özünü musiqidə göstərir. Digər tərəfdən dünyanın ali təhsil üçün tanınmış incəsənət məktəblərində gənclərimizin təhsil alması da mədəniyyətin inkişafı üçün mühüm addımdır. Bütövlükdə musiqi məktəblərində keçirilən imtahanlar mədəniyyət və incəsənətin inkişafına öz töhfəsini verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə