Azərbaycanda Moda Həftəsi keçirilib - FOTOLAR

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində Azərbaycan Moda Həftəsi (“Azerbaijan Fashion Week”) keçirilib. SİA xəbər verir ki, “The Ritz-Carlton Hotel”ində keçirilməsi planlaşdırılan dəb nümayişi ilə yekun vurulub. Tədbirdə Azərbaycan, Rusiya, Gürcüstan və Qazaxıstandan olan dizaynerlər öz kolleksiyalarını təqdim ediblər.

Layihə məhz dəb sahəsində çalışan dizaynerləri, alıcıları, yerli və xarici media nümayəndələrini, eləcə də bu sahəyə marağı olan hər kəsi əməkdaşlıq üçün bir araya gətirən platformadır.

“Fashion Week” Azərbaycanın mühüm moda hadisələrindən biri olaraq ölkədə pərakəndə olaraq fəaliyyət göstərən və özlərini tanıtmağa çalışan modelyer-dizaynerləri bir araya gətirib.

Bu genişmiqyaslı layihə milli brendlərin təşviqi, moda sektorunun inkişafı, bu sahədə mövcud problemlərin həlli üçün alətlərin təkmilləşdirilməsi istiqamətləri üzrə, habelə dəb, dizayn və ümumilikdə mədəniyyət sahəsində birgə əməkdaşlığa xarici həmkarları cəlb edib.

Qeyd edək ki, Azərbaycan Moda Həftəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan, həmçinin ölkədə fəaliyyət göstərən moda məktəblərinin gənc modelyer-dizaynerləri üçün “Azərbaycanın Moda Yüksəlişi” Müsabiqəsinin (Azərbaycan Fashion Forward) təqdimatı və tanınmış modelyer-dizayner Orxan Sultanın ustad dərsi keçirilib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə