Praqada Azərbaycana həsr edilmiş filmin təqdimatı olub

Praqada Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi ilə Ostrava televiziyasının hazırladığı Azərbaycana həsr edilmiş filmin təqdimat mərasimi keçirilib. Qeyd edək ki, “Azərbaycan Petr Valdanın gözü ilə” adlı layihənin məhsulu olan 13 hissədən ibarət qısametrajlı filmdə Azərbaycanın müxtəlif guşələri, mədəniyyəti, tarixi və xalqın gündəlik həyatı təsvir edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimində çıxış edən ölkəmizin Çexiyadakı səfiri Adış Məmmədov filmin rejissoru Petr Voldana, filmin hazırlanmasında əməyi olan hər kəsə, xüsusilə də Çex Televiziyasının rəhbərliyinə belə böyük və çex tamaşaçısı üçün maraqlı ola biləcək bir iş üçün təşəkkürünü bildirib. Sonra səfir mədəniyyətin xalqların tanınmasındakı rolundan danışıb, bu xüsusda, son illərdə Azərbaycan səfirliyinin birbaşa təşkilatçılığı və dəstəyi ilə Azərbaycan yazıçılarının əsərlərindən ibarət 3 kitabın çex dilinə tərcümə edilərək çap edildiyini diqqətə çatdırıb. Geniş çex auditoriyasına təqdim olunan filmin də Azərbaycanın tanıdılması və təbliğ olunması işinə böyük töhfə verəcəyinə əminliyini vurğulayan A.Məmmədov, bu layihənin dayanmayacağına, gələcəkdə Azərbaycan haqqında müxtəlif mövzuları əhatə edən yeni-yeni filmlərin çəkiləcəyinə də ümidvar olduğunu bildirib.

Sonra A.Məmmədov Azərbaycanda mövcud olan tolerant və multikultural cəmiyyətin başqa xalqlar və ölkələr üçün nümunə olduğundan danışıb. Bu gün Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun iqtisadi və siyasi həyatında oynadığı roldan və dünya iqtisadi sisteminə verdiyi töhfələrdən danışıb.

Sonra Petr Voldan və filmin yaradıcı heyəti çıxış edərək, Azərbaycan haqqında təəssüratlarını bölüşdülər. Sonda isə filmə baxış keçirilib.

Qeyd edək ki, təqdimatda diplomatik korpusun üzvləri, çex ictimaiyyətinin nümayəndələri, Karlov Universitetinin müəllim heyəti və həmvətənlərimiz iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə