Bakı Şəhər Xalq Teatrları Festivalının mükafatlandırılma mərasimi keçirilib

Noyabrın 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycan peşəkar Milli teatrının 150 illik yubileyinə həsr olunmuş Bakı Şəhər Xalq Teatrları Festivalının mükafatlandırılma mərasimi keçirilib.

Festivalın keçirilməsində əsas məqsəd xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının, eləcədə dram dərnəklərinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, xalq teatrlarının və dərnəklərin fəaliyyətini dövrün tələblərinə
uyğun təşkil etməkdir.

Münsiflər heyətinin qərarına əsasən H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrının təqdim etdiyi “Cənnətə bilet” tamaşası I yerə, H.Abbasov adına Mədəniyyət Mərkəzinin “Günəşim” özfəaliyyət dram dərnəyinin təqdim etdiyi “Tıq-tıq xanım və dostları” tamaşası II yerə, H.Abbasov adına Mədəniyyət Mərkəzinin Xalq teatrının təqdim etdiyi “Cənnət sakinləri” və Badamdar qəsəbə Mədəniyyət evi Xalq teatrının təqdim etdiyi “Zorən nigah” tamaşaları III yerə layiq görülüb.

Digər Xalq teatr kollektivləri isə “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı musiqi tərtibatı”, “Ən yaxşı aktyor ansamblı” nominasiyaları üzrə Fəxri Fərmanlara və münsiflər heyətinin xüsusi Diplomlarına layiq görülüblər.

Münsiflər heyətinin üzvləri Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimi Əli Əmirli, Əməkdar incəsənət xadimi Bəhram Osmanov Baş İdarənin Fəxri Fərmanları ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə