XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 28-də axşam açıq səhnədə musiqisevərlərə növbəti konsert proqramı təqdim olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək deyib: “Qəbələ Beynəlxalq Musiqi Festivalının çox gözəl bir ənənəsi var - illərindən asılı olaraq, musiqi mədəniyyətinə böyük töhfələr verən bəstəkarların, ifaçıların yubileylərini qeyd etmək, onların əsərlərini səsləndirməklə bir daha o dahilərin önündə baş əymək və onları anmaq. 2023-cü il həm də Sergey Raxmaninovun anadan olmasının 150 illiyi ilə əlamətdardır. Raxhmaninovun musiqisinin paklığı, mərhəməti hər zaman tamaşaçının diqqətini özünə çəkir. Şərqlə bağlı olan yaddaşından irəli gələn bağlantıları ilə Raxmaninov musiqisinə bəşəri səs, harmoniya gəlir. Məhz bu bəşəri bağlantını daha gözəl surətdə festival iştirakçılarına çatdırmaq üçün bu gün Raxmaninov musiqisini digər bir dahinin – Vilyam Şekspirin sonetləri ilə birləşdirib diqqətinizə çatdırırıq”.
Konsertin birinci hissəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Sergey Raxmaninovun “Piano və orkestr üçün konsert” əsəri səsləndirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.
Sonra respublika və beynəlxalq müsabiqələr laureatı pianoçu Əli Məmmədov orkestrinin müşayiəti ilə dahi bəstəkarın digər əsərlərini ifa edib.
Festival çərçivəsində iyulun 29-da saat 18:00-da Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara kamera musiqisi təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB