“Qəbul ediləcək qərarlar iqlim yeni proqramın qəbul edilməsini hədəfləyir” - MÖVQE BİLDİRİLDİ
“Azərbaycanın ev sahibliyi ilə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) altıncı günündə kifayət qədər önəmli müzakirələr və çıxışlar çərçivəsində mühüm mesajlar verməyə davam edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
O bildirib ki, 196 ölkədən 70 mindən artıq qonağın iştirak etdiyi konfransda bir çox ölkələr dövlət və hökumət başçıları səviyyəsində təmsil olunurlar: “Heç şübhəsiz ki, onların öz çıxışlarında iqlim dəyişikliyi ilə bağlı verdiyi mesajlarda da mühüm əhəmiyyət kəsb edir. Çünki məsuliyyətin böyüklüyü dövlətlərin və qlobal institutların da problemin həlli istiqamətində ortaq yol xəritəsinə sahib olmasını tələb edir. Xüsusilə də, inkişaf etmiş ölkələrin iqlim dəyişikliyindəki rolu nəzərə alındıqda, onların bu məsələdəki mövqeyi kifayət qədər önəmlidir.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bildirdiyinə görə İttifaq iqlim maliyyələşməsinə 31 milyard dollar vəsait ayırmağa hazırdır. Eləcə də, Böyük Britaniya, İtaliya və ABŞ kimi qlobal aktorların rəsmilərinin çıxışlarına nəzər yetirdikdə, iqlim maliyyələşməsi istiqamətində ciddi addımların atılacağını gözləmək mümkündür. Eyni zamanda, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ümumi razılığın əldə olunmasının önəmi xüsusilə qeyd edilir. Görünən odur ki, COP29 çərçivəsində qəbul ediləcək qərarlar iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjiyə keçid məsələsində yeni proqramın qəbul edilməsini hədəfləyir. Təbii ki, bu istiqamətdə ev sahibi və əsas təşəbbüskar dövlətlərdən biri olaraq Azərbaycanın rolu istisnasız olaraq qeyd edilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə