BDU-da Nəsiminin 650 illiyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
Azərbaycan Prezidenti İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi və ölkəmizdə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı verdiyi sərəncamlara uyğun olaraq Bakı Dövlət Universitetində (BDU) böyük Azərbaycan şairi Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Klassik Azərbaycan ədəbiyyatı: dil, üslub, ideya problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.
SİA xəbər verir ki, BDU-nun Filologiya fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə açan rektor Elçin Babayev böyük mütəfəkkir İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən danışıb, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsimi irsinin sistemli tədqiqi və təbliği istiqamətində görülən işlərdən bəhs edib. Elçin Babayev yubiley tədbirləri çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 650 min ağacəkmə aksiyasında BDU-nun da fəal iştirak etdiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Nəsiminin yubileyi ilə əlaqədar bir sıra mədəni-kütləvi tədbirlərin keçirildiyini də xatırladan rektor, əsərlərində mədəni müxtəlifliyi, humanist ideyaları əks etdirən Nəsimi yaradıcılığının Azərbaycan dilinin və ədəbiyyatının inkişaf tarixini öyrənmək baxımından əhəmiyyət kəsb etdiyini qeyd edib.
Filologiya fakültəsinin dekanı Elçin Məmmədov çıxış edərək ölkəmizdə ədəbiyyat xadimlərinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin 2019-cu ildə görkəmli ədəbi şəxsiyyətlərin yubileyləri ilə bağlı imzaladığı sərəncamlardan söz açıb, Nəsiminin 650 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində BDU-da görülən işlər haqqında məlumat verib. Böyük şairin həyat və yaradıcılığından danışan dekan Nəsimi poeziyasının dil-üslub özəllikləri, bədii-fəlsəfi mahiyyəti ilə bağlı mühüm məqamları diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, konfransa respublikamızın müxtəlif ali məktəblərindən və AMEA-nın institutlarından təqdim olunan məqalələrdə Nəsimi irsi fərqli aspektlərdən tədqiqata cəlb edilib.
AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bütövlükdə türk dünyasının dahi şairi, mütəfəkkiri, filosofu Nəsimi ilə bağlı keçirilən konfransı yüksək qiymətləndirib, bölmə iclaslarında dinləniləcək məruzələrin onun zəngin irsinin daha dərindən öyrənilməsi baxımından səmərəli olacağını qeyd edib. O, Nəsimi poeziyasının mahiyyəti haqqında danışıb, dahi mütəfəkkirin əsərlərində hürufilik fəlsəfəsi, insan gözəlliyinin vəsfi, insanla dinin əlaqəsi kimi fəlsəfi baxışları sələflərinin ideya davamı kimi qiymətləndirib.
Daha sonra BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Sevinc Qocayevanın “Böyük Azərbaycan şairi Nəsimi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Nəsimi sözünün qüdrətindən, onun yaradıcılığında mühüm yer tutan kamil insan problemindən söz açıb, təsəvvüf ədəbiyyatının mahir söz ustalalarından olan filosof şairin şeirlərindən nümunələr səsləndirib.
Plenar iclasda Nəsimiyə həsr olunmuş videomaterial nümayiş etdirilib, Filologiya fakültəsi tələbələrinin Nəsimiyə həsr etdikləri rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.
Konfrans işini bölmə iclasları ilə davam etdirib. Ümumilikdə 10 bölmədə 85 məruzə dinlənilib.
Qeyd edək ki, konfrans materialları kitab şəklində nəşr ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə