“Bakı-Supsa kəmərinə olan təhlükəni necə aradan qaldırmaq olar? AÇIQLAMA

“Bakı-Supsa kəməri 1997-1998-ci illərdə tikilib və 1999-cu ilin aprelində istifadəyə verilib. Hazırda kəmərlə gündəlik təqribən 60 min barel (illik 3 mln ton ətrafında) neft ixrac edilir”. Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı İlham Şaban deyib. Onun sözlərinə görə, boru kəmərinin operatoru, yəni onun üzərində hüquqi mülkiyyət sahibi Britaniyanın BP şirkətinə məxsusdur: “Qeyd edim ki, sözügedən ərazidə avtomagistraldan Cənubi Osetiya ilə inzibati sərhəddə borunun keçən hissəsini bir neçə il öncə müşahidə etmişəm. Hələ onda gürcülər deyirdilər ki, ixrac boru kəməri üçün təhlükə var. Boru kəməri keçən marşruta qırmızı bayraqcıqlar da taxmışdılar ki, həm ictimaiyyətin, həm də Cənubi Osetiya ilə Gürcüstan arasında yerləşdirilmiş Rusiya hərbçilərinin bu məsələyə diqqətini cəlb etsinlər. Ancaq sonrakı hadisələrin bu səpkidə inkişafı göstərir ki, Kreml rəsmi Tiflisin onunla 2008-ci ilin avqust hadisələrindən sonra "siyasi razılaşma" məsələsindən narazıdır və ona görə də bu yolla ona təzyiqlərini davam etdirir. Bunun fəsadları ola bilər.

2008-ci ilin avqust hadisələri zamanı Rusiya Gürcüstanın əksər hərbi və əhəmiyyət kəsb edən iqtisadi obyektlərinə belə zərbələr endirsə də, Azərbaycanla bağlı faktiki heç bir infrastruktura toxunmamışdı. Ancaq bu ona əsas vermir ki, biz yenə də sakitcə bu hadisənin bizdən yan ötməsini müşahidə edə biləcəyik. Əlbəttə ən yaxşı yol danışıqlar masası ətrafında bu məsələnin həllinin tapılmasıdır.

Ancaq məsələni mürəkkəbləşdirən bir amil var ki, bütün bu hal Qərbin Rusiyaya qarşı sanksiyalarının sərtləşdirilməsi fonunda baş verir və heç də gizli deyil ki, Kreml bu addımı "Qərbə qarşı adekvat tədbirlər planının bir hissəsi" kimi görə bilər. Bu zaman vəziyyətin həqiqətən də daha qəlizləşmə perspektivi ortaya çıxar. Hətta mən deyərdim ki, Kreml ilk zamanlar nəqletmənin əvvəlki qaydada davam etməsi üçün heç bir təhlükənin olmamasını bəyan edib, bunun yalnız tanınmamış Cənubi Osetiya və Gürcüstanın müvafiq qurumları arasında demarkasiya məsələləri həllini tapanadək davam etməsini göstərsə də, borudan qeyri-qanuni olaraq neft oğurlanması da baş verə bilər. Bu zaman onlar günahı bir-birlərinin üzərinə yıxmaq, həmin zonada nəzarətsiz qurumların olmasını da bəhanə kimi göstərə bilərlər.

Ancaq istənilən halda bu kimi riskləri Azərbaycan və ACG konsorsiumu nəzərə almalıdır. Çünki "Çıraq" yatağından ixrac məhz bu marşrutla dünya bazarlarına edilir. Alternativ isə həmişə var. Risk dərəcəsi artdığı zaman həmin neft həcmlərini Bakı-Tbilisi-Ceyhan neft kəmərinə yönəltmək mümkündür”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...