Polşa Belarusiyanı günahlandırdı SƏRHƏDDƏ BASQIN ETMƏKDƏ

Belarus tərəfindən Polşa sərhədinə basqın etməyə cəhd göstərilib. SİA xəbər verir ki, bu barədə Polşa sərhəd xidmətinin nümayəndəsi Anna Mixalskaya söyləyib və RİA Novosti onun sözlərindən sitat gətirib.

"İndi sərhəddə basqın etmək üçün daha çox cəhdlər görürük. Dünən belə hadisələr də baş verib. 100 nəfər Narevkada, 150 nəfər Kuznitsada sərhədi keçməyə cəhd ediblər", deyə sərhəd xidməti nümayəndəsi Anna Mixalskaya bildirib.

Mixalskaya Belarus xidmətlərini bu cür qrupların təşkilində iştirakda ittiham edib.

Xatırladaq ki, sentyabrın əvvəlində Polşa prezidenti Andjey Duda Şimali Afrika və Yaxın Şərqdən tutulan qanunsuz mühacirlərin sayının artması səbəbindən Belarusla sərhəddə fövqəladə rejimin tətbiq edilməsi barədə göstəriş verdi. Oxşar addımlar Litva və Latviya hakimiyyəti tərəfindən atılıb. Hazırda Belarusiya və Polşa sərhədində müvəqqəti tikanlı məftil hasarı quraşdırılıb.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Qərbin Minskə qarşı tətbiq etdiyi sanksiyalardan sonra ölkənin Avropaya miqrant axınını dayandırmaq üçün artıq "nə pulu, nə də gücü" yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə