Qəddafinin əmrlərini yerinə yetirməyən əsgərlər öldürülüb

Qəddafinin əmrlərini yerinə yetirməyən əsgərlər öldürülüb

İngiltərənin "Independent" qəzetinin əlinə keçən fotogörüntü Liviya lideri Muammar Qəddafiyə itaət etməyən 10 əsgərin başına gətirilənləri ortaya çıxarıb. SİA-nın məlumatına görə, şəkildə Bingazidəki hərbi hissədə vurulduqdan sonra yandırılan əsgərlərin cəsəd torbalarına qoyulduğu görünür.

 

Əsgərlərin Qəddafiyə məxsus hərbi güclərin Bingazidən qaçmasından əvvəl Liviya liderinin əmrlərini yerinə yetirmədiyi üçün öldürüldüyü iddia edilir. Qəddafiyə qarşı çıxan əsgərlərin başına gətirilənlər barədə üsyançılara təslim olan liviyalı bir zabit məlumat verib. Zabit öldürülən əsgərlərdən bəzilərinin adlarını desə də kömürləşmiş digər cəsədlərin şəxsiyyəti müəyyən olunmayıb.

 

Bingazidə həyat əvvəlki vəziyyətə qayıtdıqca qiyamın ilk günlərində törədilən vəhşilik də ortaya çıxmağa başlayıb. Ancaq Liviyada vəhşilik təktərəfli olmayıb. Xəstəxanada etirazçılara hücum edən üç afrikalı muzdlu əsgərin cəsədi də tapılıb. Baş hissəsindən ağır zərbələr alan muzdlu əsgərlərin cəsədlərinin kimliyi müəyyən olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə