Polşada dəmir yolu təxribatı işi ilə bağlı həbslər başlayıb...

Varşava hücumun arxasındakı təşkilatçıları aşkar edib...

Polşada dəmir yolu təxribatı işi ilə bağlı bir neçə nəfər saxlanılıb.

SİA xəbər verir ki, PAP-ın məlumatına görə, bu barədə Kəşfiyyat Xidmətlərini Koordinasiya Edən Nazirin mətbuat katibi Yaçek Dobrjinski brifinqdə bildirib.

O, çərşənbə günü Polşa xidmətlərinin xeyli çox məlumata sahib olduğunu və dəmir yolu təxribatını sifariş edən və həyata keçirən şəxsləri izlədiyini vurğulayıb.

...İlk həbslərin artıq başladığını təsdiqləyə bilərəm. Əlaqəli şəxslər ABW və polis tərəfindən saxlanılır və bu mərhələdə əlavə məlumat verə bilmərəm, - Dobrjinski deyib.

O, istintaqın davam etdiyini, işin dinamik və inkişaf etdiyini əlavə edib.

Mətbuat katibi hələlik konkret rəqəm verə bilməyəcəyini, lakin işlə bağlı bir neçə nəfərin saxlanıldığını qeyd edib.

...Bu şəxslər hazırda dindirilir və bu terror hücumundakı rolları müəyyən edilir. Həbslər davam edir. Biz əlavə həbsləri istisna etmirik, - Dobrjinski deyib.

O, həbslərin Polşa ərazisində aparıldığını bildirib. Xatırladaq ki, Polşa Baş naziri Donald Tuskun sözlərinə görə, Ukrayna vətəndaşları Polşadan Ukraynaya gedən dəmir yolu xəttini partlatmaqda şübhəli bilinirlər.

Hər ikisi ölkəyə Belarusdan gəlib və hücumdan sonra yenidən Polşa-Belarus sərhədini keçiblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə