HƏMAS Qəzza zolağını "texnokratik hökumətə" təhvil verəcək...

Razılıq Qahirədə keçirilən görüşdə əldə edilib...

...Fələstin siyasi hərəkatları Qəzza zolağının idarəçiliyini müstəqil texnokratlar komitəsinə təhvil vermək barədə razılığa gəliblər.

SİA xəbər verir ki, Times of Israel qəzetinin məlumatına görə, bu, 24 oktyabrda Qahirədə keçirilən görüşdən sonra Fələstin təşkilatlarının birgə bəyanatında elan edilib.

Komitə fələstinlilərdən ibarət olacaq və ərəb ölkələrinin, beynəlxalq təşkilatların dəstəyi ilə "şəffaflıq və hesabatlılıq əsasında" əsas xidmətlərin idarəçiliyini öz üzərinə götürəcək. Müxtəlif qruplar Fələstin məsələsinin çətinliklərini həll etmək üçün ortaq mövqe üzərində işləyəcəklər.

Görüşdə HƏMAS və İslam Cihadının nümayəndələri iştirak ediblər.

Məqsəd Fələstin Azadlıq Təşkilatının (FAT) Fələstin xalqının yeganə qanuni nümayəndəsi kimi dirçəlişi üçün "milli strategiya" barədə razılığa gəlmək idi.

Bu arada, HƏMAS Qəzzadakı müharibəyə son qoymaq planının ikinci mərhələsi ilə bağlı FƏTH rəhbərliyi ilə ayrıca danışıqlar aparıb.

Bu plan idarəetməni müstəqil Fələstin texnokratlar qurumuna təhvil verməyi nəzərdə tutur.

Bəyanatda həmçinin HƏMAS və İsrail arasında atəşkəs müqaviləsinin uzadılmasının, beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı BMT qətnaməsinin dəstəklənməsinin, İsrail qoşunlarının geri çəkilməsinin və Qəzza zolağına humanitar girişin təmin edilməsinin vacibliyi vurğulanıb.

Lakin bəyanatda HƏMAS-ın tərksilah edilməsi və siyasi prosesdən kənarlaşdırılması nəzərə alınmayıb, yalnız bütün Fələstin qruplarının birgə hərəkətə keçməsinin zəruriliyi qeyd edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə