Meksikada türk turist boğulub

Meksikanın Kardonal şəhərindəki La Gloria Tolantongo ekoturizm mərkəzində iki turist çayda boğularaq ölüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, çərşənbə axşamı səhər saatlarında 32 yaşlı Türkiyə vətəndaşı və onun 40 yaşlı meksikalı əri çaya girərək su altında qalıblar.

Hidalqo Dövlət İctimai Təhlükəsizlik Departamenti hadisədən sonra yanlarında olan bir qadının kömək çağırdığını bildirib. Ştat polisi, yanğınsöndürənlər, yerli rəsmilər və könüllülər koordinasiyalı axtarış və xilasetmə işləri aparıblar. Ağır texnika qayaları təmizləyib və cəsədlərin yerini tapmaq üçün çayın istiqamətini qismən dəyişdirib.

Saatlar sonra cütlüyün cəsədləri çayın aşağısında tapılıb və rəsmi prosedurlar aparılarkən ərazi hüquq-mühafizə orqanları tərəfindən mühafizə edilib. Hadisə yerinə Hidalqo Prokurorluğunun məhkəmə-tibb ekspertləri və qrupları gəlib və cəsədlər məhkəmə araşdırması üçün aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə