Çin "Apple" şirkətini ziyana salıb

Ötən gün Pekin mərkəzi hökumət rəsmilərinə şəxsi "iPhone"larını ofislərə gətirməməyi və "iPhone"dan iş üçün istifadə etməməyi əmr edib. Xəbər "Apple"ın "iPhone" 15-i sentyabrın 12-də təqdim etməsindən bir neçə gün əvvəl yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çində dövlət qulluqçularına "iPhone"dan istifadənin qadağan edilməsi xəbərindən sonra “Apple” şirkətinin səhmləri ikinci ticarət günündə dəyər itirib. Səhmlərdəki eniş 6 faizi keçərkən, şirkətin bazar dəyəri təxminən 200 milyard dollar azalıb.

Texnologiya nəhənginin üçüncü ən böyük bazarı olan Çindəki dövriyyəsi onun qlobal dövriyyəsinin 18 faizini təşkil edir. “Apple” məhsullarının əksəriyyəti bu ölkədə istehsal olunur.

Çin hökumətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Son vaxtlar Vaşinqtonla Pekin arasında gərginlik yaşanır. Keçən il ABŞ müttəfiqləri Yaponiya və Hollandiya ilə birlikdə Çinin bəzi çip texnologiyalarına çıxışını məhdudlaşdırıb.

Çin isə bu qadağaya yarımkeçirici materialların istehsalında mühüm əhəmiyyət kəsb edən bəzi xammalın ixracını dayandırmaqla cavab verib. Pekinin milli çip sənayesinin inkişafı üçün 40 milyard dollar resurs ayırdığı bildirilir.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə