“Süni intellektin inkişafı müxtəlif peşələrin məhvinə səbəb olur” - MÜTƏXƏSSİS AÇIQLADI
“Kiber fırıldaqçılıq və cinayətlər gün keçdikcə daha da geniş yayılır. Bu isə texnologiyanın inkişafının ən böyük mənfi təsirlərindən biridir. İnsanlarda isə bu istiqamətdə yetərli qədər məlumatlar olmadığından birbaşa olaraq bu təhlükələrə məruz qalırlar. Təbii ki, bu istiqamətdə müəyyən işlər aparılır. Texnologiyadan əvvəlki eradan hər hansı cinayət müəyyən bir ərazidə baş verirdi və müvafiq qurumlar həmin şəxsi tapa bilirdilər. Amma indi dünyanın məlum olmayan ölkəsində olan kiber cinayətkarlarla bağlı iş görmək çətinləşir. Onların məsuliyyətə cəlb edilməsi məsələsi böyük bir problemə çevrilir”. Bu sözləri SİA-ya açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib.
Onun sözlərinə görə, onlayn servislər sürətlə daxil olub: “Buna görə də biz həyatımızla bağlı bir çox məsələləri məhz sosial şəbəkələr üzərindən həyata keçiririk. Eyni zamanda digər bir təhlükə də insanların bir qisminin bu cür qlobal inkişafdan geri qalmasıdır. Məsələn, texnologiyanın inkişafı bu mənada yaşlı nəslin savadsızlaşmasına səbəb olub.
Süni intellektin, robotların inkişafı müxtəlif peşələrin məhvinə səbəb olur. Lakin bəzi dövlətlərdə bununla əlaqədar olaraq minimal əməkhaqqı sistemi yaradılır. Yəni işləyib-işləməməsindən asılı olmayaraq həmin şəxslərə hər ay müəyyən məbləğ verilir. Lakin istənilən halda bu gələcəkdə bir qrup insanın əməyinin lazımsız olacağı faktını dəyişdirmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə