Dopinqə görə 3 illik diskvalifikasiya olunan Azərbaycan güləşçisi Aslan Abakarov həkimlə məsləhətləşmədən dərman qəbul edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
İdmançının 2024-cü ildə təşkil olunan Azərbaycan çempionatından sonra verdiyi dopinq testin nəticələrinin müsbət çıxdığı bildirilib:
“O, 2024-cü ildə Bakı İdman Sarayında keçirilmiş sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında 97 kq çəki dərəcəsində sərbəst güləşdə bürünc medal qazanıb. Həmin yarışdan sonra AMADA-nın əməkdaşları bütün idmançılardan, o cümlədən Aslan Abakarovdan test nümunəsi götürüb. Həmin dopinq test müsbət nəticələnmişdi. İdmançının apellyasiya şikayətinə baxmayaraq, göstərilən səbəblər qəbul edilmədiyi üçün diskvalifikasiyaya məruz qalıb. İdmançı belə əsaslandırır ki, xəstələndiyi üçün Rusiyada həkimin yazdığı reseptə uyğun olaraq dərman alıb. Lakin dərmanın tərkibində dopinq olduğunu bilməyib. Nəticədə dopinq testi müsbət çıxıb.
Əslində isə hər bir milli üzvü istənilən dərmanı qəbul etməmişdən əvvəl bu barədə yığmanın həkiminə bildirməlidir. Həkimlə məsləhətləşdikdən sonra icazə verilərsə, dərmanı qəbul edə bilər. Ancaq Aslan həkimlə məsləhətləşmədən dərman qəbul edib. Bizdə demək olar hər il AMADA ilə əməkdaşlıq çərçivəsində seminarlar keçirilir. Çünki dopinq siyahısı hər dəfə genişlənir, yeni maddələr əlavə olunur, qadağan olunmuş dərmanlar göstərilir. İdmançılar təlimatlandırılır. Qaydalara əməl etməyənlər belə problemlərlə üzləşirlər. Sevindirici haldır ki, son illərdə millinin heç bir aparıcı üzvü dopinq problemi ilə üzləşməyib. Hər bir idmançıya dərman qəbul edərkən yığmanın həkimi ilə məsləhətləşməsinin vacibliyi bildirilib”.
Qeyd edək ki, Aslan Abakarov nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu və idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdinə görə 36 aylıq cəzalanıb. Fevralın 7-də tətbiq edilən sanksiyanın müddəti 2028-ci il fevralın 7-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə