"Narkotik vasitələrin öhdəsindən asanlıqla gəlmək olmur" - DEPUTAT VƏ PSİXOLOQ AÇIQLADI

“Çox əfsuslar olsun son zamanlar hər gün demək olar ki, istər KİV tərəfindən, istərsə də sosial şəbəkələrdə respublikada narkotik satışı ilə məşğul olan insanların eləcə də xaricdə qeyri-qanuni yolla narkotiklərin respublikamıza keçirilməsi hallarının şahidi oluruq. Amma çox sevindirici haldır ki, bu gün Daxili İşlər Nazirliyi narkotik satan və yaxud narkotik istifadəçilərinə qarşı çox ciddi qanuna uyğun tədbirlər görür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, xaricdən qeyri-qanuni yolla narkotiklərin ölkəmizə gətirilməsi halları olur ki, burada da həm Daxili İşlər Nazirliyinin, həm Dövlət Təhlükəsizlik Xidmətinin, həm də Dövlət Gömrük Komitəsinin də gördüyü tədbirlər təqdirəlayiqdir: “Bu gün hər birimiz televiziya və ya sosial şəbəkələr vasitəsilə belə hallar baş verdikdə onların qarşısının alınmasının şahidi oluruq. Bu gün AZTV kanalında narkotiklə mübarizə ilə əlaqədar videoçarx hazırlanıb. Təklif edərdim ki, digər özəl kanallar bu məsələ ilə bağlı roliklər hazırlasınlar. Çünki bugünkü dövrdə bu cür videoçarxların olması öz müsbət nəticəsini verir. Biz son zamanlar KİV-də eşidirik ki, sosial şəbəkələr üzərindən narkotik satışı ilə məşğul olurlar. Bundan başqa məktəblərin qarşısında və ya məktəblərdə konfet kağızının içərisində narkotikləri uşaqlara, yeniyetmələrə təklif etməklə onları bu yola çəkməyə çalışırlar. Əlbəttə bu çox böyük bir bəladır. Daxili İşlər Nazirliyinin narkotik satışı ilə məşğul olanlara qarşı apardığı ciddi tədbirlər yaxın zamanlarda öz nəticəsini verəcək və bu məqsədlə pul qazanmaq istəyən insanları bu yoldan çəkindirməyə nail olacaq”.

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova açıqlamasında qeyd edib ki, narkotika ilə bağlı biz nə qədər maarifləndirmə işləri aparsaq, bir o qədər də nisbi də olsa, uğur qazanmış olarıq: “Çox təəssüflər olsun ki, son zamanlar insanların narkotik vasitələrə meyli daha çox artıb. Bu da onların birbaşa psixoloji immunitetini aşağı salır və onları asılı vəziyyətə salır. Bu gün insanlar narkotikdən başqa bir çox şeylərdən asılı olurlar. Amma onların öhdəsindən rahatlıqla gəlmək olduğu halda təəssüflər olsun ki, narkotik vasitələrin öhdəsindən asanlıqla gəlmək olmur. Narkomaniya xəstələrində narkotik qəbulunun dayandırılması və narkotik vasitələrinin dozasının azaldılması bir müddət sonra inkişaf edən fiziki və psixi pozulmalar bunlarda artıq abstinent sindromuna gətirib çıxardır. Burada birbaşa insanlarda psixoloji tərəfdən immunitetin aşağı düşməsi birbaşa narkomaniyanın yayılması insanların sağlam həyat tərzi üçün təhlükə törədir. Bu zaman insan fiziki və psixoloji cəhətdən ilk olaraq məhv olmağa başlayır. Bunun nəticəsində də insanın yaddaşı, təfəkkürü pozulmağa başlayır və ətrafındakı insanlara, yaşadığı həyata qarşı laqeyd davranır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə