Dövlət quruculuğunda qadınların rolu ildən-ilə artır

Respublikamızın ictimai-siyasi, sosial-mədəni həyatında, dövlət quruculuğunda qadınların rolu ildən-ilə artır.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1977-ci ilin 16 dekabrında 8 Martın Beynəlxalq Qadınlar Günü kimi keçirilməsini qəbul və təsdiq etmişdir. 1998-ci ildə Azərbaycanda qadınların problemlərinin həllinə köməklik göstərilməsi, onların hüquqlarının daha yüksək səviyyədə qorunmasını, qadınların cəmiyyətdəki rolunun daha da artırılmasını təmin etmək məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Respublikamızda bu sahədəki problemlərin əlaqəli surətdə, kompleks şəkildə həll edilməsi məqsədi ilə bu komitənin bazasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 fevral 2006 – cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.

Azərbaycanda qadınlar ölkənin ictimai-siyasi həyatında daima mühüm yer tutub. Azərbaycanda həyata keçirilən uğurlu gender siyasəti nəticəsində bu gün də qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında fəal mövqe tutaraq müstəqil, demokratik dövlət quruculuğunda yaxından iştirak edərək ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində çalışaraq əldə olunan uğurlarımızda mühüm rol oynayırlar. Ölkədə təhsil sahəsində çalışanların 73,3%-ni, əhaliyə səhiyyə və sosial xidmət göstərənlərin 77,0%-ni, əyləncə və incəsənət sahəsində çalışanların 62,5 %-ni qadınlar təşkil edir. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki illərə nisbətən 6 dəfə artaraq 5236 nəfərə çatmışdır. Bu da ümumi bələdiyyə üzvlərinin 35%-ni təşkil edir. Milli Məclisdə təmsil olunan qadınların sayı da artır. Əgər 1990-cı ildə deputatların 4,3%, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə hal-hazırda bu rəqəm 18,2 % təşkil edir. Azərbaycanda 1 qadın nazir, nazir müavini olan qadınların sayı isə 3 nəfərdən 8 nəfərə yüksəlib. Əksər yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. 2013-cü ildə bu rəqəm 35 idisə , hazırda bu rəqəm 76 nəfərdir. Qadın məhkəmə hakimlərinin sayı 78 nəfərdir.

Uğurla həyata keçirilən hüquqi və demokratik dövlət quruculuğu işlərində böyük xidmətləri olan qadınlar elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə mühüm nailiyyətlər əldə edirlər. 8 Mart Beynəlxalq qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, xoşbəxtlik, işlərində və şəxsi həyatlarında uğurlar arzu edirəm.

Milli Məclisin deputatı

Rauf Əliyev.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...