Mayın 30-da Qax rayonunda I Qax Kitab Sərgisinin açılış mərasimi keçirilib.
SİA xəbər verir ki, sərgi iki gün ərzində Qax və ətraf rayon kitabsevərlərinin görüş məkanına çevirəcək. Layihənin əsas məqsədi regionlarda mütaliə mədəniyyətinin təşviqi, kitabın təbliği, oxucuların nəşriyyatlar və müəlliflərlə bir araya gətirilməsidir.
Açılış mərasimində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədri, yazıçı-publisist Şəmil Sadiq, Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, ANAİB İdarə Heyətinin üzvü, layihənin icraçısı Veysəl Məmmədov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov, Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov və AYB Şimal-Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərli çıxış ediblər.
Çıxış edənlər kitab sərgilərinin regionlarda keçirilməsinin oxu mədəniyyətinin inkişafına, yerli ədəbi mühitin canlanmasına və gənclərin kitaba marağının artırılmasına mühüm töhfə verdiyini vurğulayıblar. Qeyd olunub ki, belə təşəbbüslər kitabın təbliği ilə yanaşı, müəlliflər, nəşriyyatlar və oxucular arasında əlaqələrin möhkəmlənməsinə də xidmət edir.
Sərgidə ölkənin 30-dan artıq nəşriyyatı iştirak edir. Ziyarətçilərə müxtəlif janrlarda nəşrlər endirimli qiymətlərlə təqdim olunur. Eyni zamanda, sərgi çərçivəsində yazıçılarla görüşlər, imza saatları, bədii səhnələr və digər mədəni proqramlar təşkil edilir.
Qeyd edək ki, I Qax Kitab Sərgisi Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, MÜTDA, AYB Şimal-Qərb Regional Bölməsi və ASAN Radionun tərəfdaşlığı ilə həyata keçirilir. Sərgi BP şirkətinin dəstəyi ilə baş tutur və iyunun 1-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB