“Təhlükəsizliyin təmin olunmasında əsas məqsəd risklərin vaxtında müəyyən edilməsidir” - Vüqar Hacıyev

“İnsan həyatının təhlükəsizliyinin təmin olunması həm sosial rifaha, həm də iqtisadi sabitliyə müsbət təsir göstərir. Bu səbəbdən dövlət nəzarəti yalnız sənəd yoxlanması ilə məhdudlaşmır. Müasir yanaşma riskə əsaslanan nəzarət sistemlərinin tətbiqini nəzərdə tutur”.

SİA xəbər verir ki, bu barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi Vüqar Hacıyev Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (World Urban Forum 13) çərçivəsində “Şəhərsalma fəaliyyətində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarəti” mövzusunda keçirilən dəyirmi masada deyib.

Vüqar Hacıyev bildirib ki, riskə əsaslanan nəzarət sistemləri çərçivəsində yüksək riskli obyektlər daha ciddi və davamlı monitorinqə cəlb olunur.

Onun sözlərinə görə, təhlükəsizlik sahəsində əsas məqsəd risklərin vaxtında müəyyən edilməsi və onların minimuma endirilməsidir.

Baş müfəttiş qeyd edib ki, təhlükəsizliyin təmin olunmasında ilk əsas istiqamət konstruktiv və texniki təhlükəsizlikdir. Bu mərhələdə layihələndirmə işlərinin düzgün aparılması, geoloji araşdırmaların dəqiqliyi, seysmik hesablamaların düzgünlüyü, keyfiyyətli tikinti materiallarından istifadə və normativ sənədlərə tam uyğunluq əsas tələblər hesab olunur.

O vurğulayıb ki, binalarda və infrastruktur obyektlərində aparılan kiçik konstruktiv dəyişikliklər belə müvafiq təhlükəsizlik standartlarına uyğun şəkildə həyata keçirilməlidir.

Vüqar Hacıyev əlavə edib ki, ikinci əsas istiqamət əmək təhlükəsizliyidir. Bu sahə iş mühitində çalışan insanların sağlamlığının və həyatının qorunmasına yönəlib.

Onun sözlərinə görə, əmək təhlükəsizliyi çərçivəsində iş yerlərində təhlükəsizlik qaydalarına riayət olunması, risklərin qiymətləndirilməsi, mütəmadi təlimlərin keçirilməsi və preventiv tədbirlərin tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə