"Yüksək reytinq hər zaman keyfiyyət göstəricisi hesab olunmur" - SOSİOLOQ DANIŞDI
"Bəzi televiziya proqramlarının, məsələn, “Elgizlə izlə” və “Bizimləsən” kimi verilişlərin bağlanması cəmiyyətdə birmənalı qarşılanmır. Bir tərəfdən bu proqramlar kifayət qədər reytinqli və geniş izləyici kütləsinə malik idi, digər tərəfdən isə sosial şəbəkələrdə ən çox tənqid olunan verilişlər də məhz bunlar idi".
Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib..jpg)
Ekspert sözlərinə belə davam edib: "İzlənmə sayı hər zaman keyfiyyət və ya ictimai qəbul anlamına gəlmir. Əsas problemlərdən biri bu tip verilişlərin format baxımından qeyri-müəyyən və xaotik olmasıdır. Normalda hər bir televiziya proqramı efirə çıxmazdan əvvəl onun konsepti, istiqaməti və hansı auditoriyaya yönəldiyi dəqiq müəyyənləşdirilməlidir. Lakin bu verilişlərdə tez-tez bir aparıcının müxtəlif sahələrdən olan çoxsaylı “ekspertləri” dəvət etdiyi, mövzuların qarışıq şəkildə müzakirə olunduğu və verilişin gedişində əsas mövzudan kənara çıxıldığı müşahidə olunurdu. Bu isə efirin strukturunu və keyfiyyətini zəiflədir.
Xüsusilə qeyd etmək olar ki, bəzi hallarda aparıcıların davranışı, ünsiyyət tərzi və efir etikası da tənqid obyektinə çevrilirdi. Qonaqların sözünün kəsilməsi, qeyri-peşəkar yanaşmalar, bəzən isə bayağı və məişət səviyyəli müzakirələrin aparılması tamaşaçılarda narazılıq yaradırdı. Sosial mediada bu cür məqamlar daha çox ironik və tənqidi şəkildə paylaşılırdı ki, bu da cəmiyyətin müəyyən hissəsinin bu məzmunu qəbul etmədiyini göstərir.
Bu verilişlərin bağlanması müəyyən mənada sosial və mənəvi mühitə müsbət təsir göstərə bilər. Çünki efir məkanı yalnız reytinqə deyil, həm də ictimai məsuliyyətə xidmət etməlidir. Daha keyfiyyətli, maarifləndirici və etik normalara uyğun proqramların hazırlanmasına stimul yarana bilər. Bu isə ümumilikdə televiziya məzmununun səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər.
Bu baxımdan bu cür verilişlərin bağlanması təkcə bir proqramın efirdən çıxması deyil, həm də televiziya sahəsində keyfiyyət, məsuliyyət və peşəkarlıq meyarlarının yenidən nəzərdən keçirilməsi üçün bir fürsət kimi qiymətləndirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB