MMC necə ləğv edilə bilər? - AÇIQLANDI

“Qanunvericiliyə görə Məhdud Məsuliyyətli Cəmiyyətin, yəni müəssisənin ləğvi proseduru çoxmərhələli və ciddi hüquqi məsuliyyət yaradan prosesdir. Layihənin başa çatması, bazarı tərk etmə zərurəti, maliyyə çətinlikləri, vergi güzəştlərinin ləğvi və ya ödəniş qabiliyyətinin itirilməsi hallarında şirkətlər hüquqi şəxsin ləğv edilməsi qərarı ilə üzləşə bilərlər”.

Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.

O bildirib ki, bu səbəbdən biznes yalnız başlanğıc mərhələsi deyil, eyni zamanda çıxış strategiyası ilə də planlaşdırılmalıdır:

”Hüquqi şəxsin ləğvi könüllü və ya məcburi qaydada aparılır.

Hüquqi şəxsin ləğv edilməsi formaları
- Könüllü ləğvetmə
Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) könüllü ləğvi iştirakçıların yekdil qərarı ilə başlanır. Bu qərar əsasında ləğvetmə komissiyası və ya tək ləğvedici təyin edilir.

- Məcburi ləğvetmə
Məcburi ləğvetmə yalnız məhkəmə qərarı əsasında həyata keçirilir. Adətən qanun pozuntuları və ya fəaliyyətin qanunsuzluğu hallarında tətbiq olunur.

Hüquqi şəxsin ləğvi proseduru bu mərhələlərlə aparılır

1. Ödəmə qabiliyyətinin təsdiqi
Ləğvetmə təşəbbüsü ilə çıxış edən orqan icra orqanından kreditorların tələblərinin 12 ay ərzində ödənilə biləcəyini təsdiq edən rəsmi bəyanat tələb edir.
Əgər bu mümkün deyilsə, müstəqil auditor cəlb edilə bilər.

2. Ləğvetmə qərarının qəbul edilməsi
İştirakçıların ümumi yığıncağında:
•Ləğvetmə qərarı qəbul edilir
•Ləğvetmə komissiyası (və ya ləğvedici) təyin olunur
•Ləğvetmə müddəti müəyyən edilir
3. Kreditorların məlumatlandırılması
Ləğvedici:
•10 gün ərzində rəsmi mətbuatda elan verir
•Kreditorlara yazılı bildiriş göndərir
•Vergi orqanı və ƏƏSMN-ni məlumatlandırır
Bu mərhələdə şirkət rəsmi olaraq “ləğv prosesindədir” statusu alır.

4. Vergi orqanına sənədlərin təqdim edilməsi
15 gün ərzində təqdim olunur:
•Ləğvetmə qərarı
•Ödəmə qabiliyyəti barədə bəyanat
•Elanın dərc edildiyini təsdiq edən sənəd
•Hüquqi şəxsin möhürü

5. Aralıq ləğvetmə balansı
Kreditorların tələbləri toplandıqdan sonra:
•Aralıq balans tərtib olunur
•Əmlakın tərkibi və borclar göstərilir
•Əgər əmlak kifayət etmirsə, iflas proseduru başlanmalıdır.

6. Yekun balans və əmlakın bölüşdürülməsi
Kreditorlarla hesablaşmadan sonra:
•Yekun ləğvetmə balansı hazırlanır
•Qalan əmlak iştirakçılar arasında bölünür

7. Dövlət reyestrindən çıxarılma

Son mərhələdə:
•Vergi orqanına ərizə təqdim edilir
•Hüquqi şəxs dövlət reyestrindən çıxarılır
•Ləğv rəsmi olaraq başa çatır
• Ləğvetmə prosesi maksimum 12 ay ərzində tamamlanmalıdır
•Bütün vergi və sosial sığorta bəyannamələri •30 gün ərzində təqdim edilməlidir
•Davam edən məhkəmə, inzibati və ya cinayət işi varsa, ləğvetmə qadağandır
•Nizamnamədə xüsusi ləğvetmə qaydaları əvvəlcədən nəzərdən keçirilməlidir

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə