"Sağlam məsafə inciklikləri azaldır" - PSİXOLOQ DANIŞDI

"Rəhbər olmaq qərarına gələn bir insan müəyyən psixoloji hazırlıqdan keçməlidir. O, özündə olan mənfi xüsusiyyətləri idarə etməyi, onları aradan qaldırmağı bacarmalı və güclü xarakterini daha da inkişaf etdirməlidir".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, rəhbərlə işçi arasında həddindən artıq səmimiyyət hörmətsizliyə gətirib çıxara bilər, həddindən artıq sərtlik isə kollektivdə gərginlik yaradar: "Buna görə də bu iki məqam arasında düzgün balans qorunmalıdır.

Hər kəs öz yerini və rolunu bilməlidir. İş saatı ilə işdən sonrakı vaxt arasında sərhəd olmalıdır. Rəhbər işçilərlə işləməli, lakin işdən sonrakı vaxtlarda münasibətləri müəyyən çərçivədə saxlamalıdır. Həddindən artıq səmimiyyət zamanla peşəkar münasibətlərin zəifləməsinə və hörmətsizliyə səbəb ola bilər.

Kollektiv daxilində mütəmadi olaraq təlimlər keçirilməlidir. Xüsusilə rəhbərlik və işçi münasibətləri ilə bağlı maarifləndirici təlimlər bu balansın qorunmasına kömək edir. Bu baxımdan bəzi bank və korporativ qurumlarda tətbiq olunan sistemlər nümunə ola bilər. Bu sistemlərdə həm peşəkar münasibətlər qorunur, həm də psixoloji mühit sağlam şəkildə tənzimlənir.
Şirkətlərdə hüquqlar ümumi olsa da, vəzifələr fərqlidir və hər kəs öz məsuliyyətini düzgün şəkildə dərk etməlidir. Qarşılıqlı hörmət bu prinsiplər üzərində qurulmalıdır.

Əgər sağlam məsafə qorunarsa, münasibətlərdə incikliklər də azalır. Əks halda, məsafə pozulduqda emosional ünsiyyət artar, bu da anlaşılmazlıqlara, incikliklərə və münasibətlərin zədələnməsinə gətirib çıxara bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə