"Vitaminləri əsasən qida vasitəsilə qəbul etmək daha faydalı hesab olunur. Çünki qidaların tərkibində vitaminlərlə yanaşı onların mənimsənilməsini asanlaşdıran liflər, minerallar, antioksidantlar və digər bioloji aktiv maddələr də olur".
Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.
_(1)_(2).jpg)
Onun sözlərinə görə, bu maddələr birlikdə təsir göstərərək orqanizmə daha yaxşı fayda verir: "Qida əlavələri isə əsasən müəyyən vitamin və ya mineral çatışmazlığı olduqda, həkim məsləhəti ilə istifadə olunmalıdır. Çünki bəzi vitaminlərin həddindən artıq qəbulu da sağlamlıq üçün zərərli ola bilər. Xüsusilə yağda həll olunan vitaminlər (A, D, E, K) orqanizmdə yığıla bildiyi üçün onların nəzarətsiz istifadəsi arzuolunmaz təsirlər yarada bilər.
İnsan orqanizmi üçün vacib olan bir neçə əsas vitamin var. A vitamini görmə qabiliyyəti, dəri və immun sistem üçün önəmlidir. B qrupu vitaminləri (B1, B6, B12 və s.) enerji mübadiləsində, sinir sisteminin fəaliyyətində və qan yaranmasında mühüm rol oynayır. C vitamini immuniteti gücləndirir, antioksidant təsir göstərir və kollagen sintezində iştirak edir. D vitamini sümük sağlamlığı və kalsiumun mənimsənilməsi üçün vacibdir. E vitamini hüceyrələri oksidativ zədələnmədən qoruyur, K vitamini isə qanın laxtalanması və sümük sağlamlığı üçün lazımdır.
Vitamin çatışmazlığı müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Məsələn, D vitamini çatışmazlığı sümük zəifliyi və osteoporoz riskini artıra bilər. B12 vitamini çatışmazlığı anemiya, halsızlıq və sinir sistemi problemləri yarada bilər. C vitamini azlığı immunitetin zəifləməsinə və tez-tez xəstələnməyə səbəb ola bilər. A vitamini çatışmazlığı isə görmə problemləri və xüsusilə gecə görməsinin zəifləməsi ilə əlaqələndirilir.
Balanslı qidalanma vitamin ehtiyacını ödəməyin ən düzgün yoludur. Meyvə, tərəvəz, tam taxıllar, süd məhsulları, balıq, yumurta və qoz-fındıq kimi qidaların gündəlik rasionda yer alması orqanizmin vitamin tələbatının böyük hissəsini qarşılaya bilər. Qida əlavələri isə yalnız ehtiyac olduqda və mütəxəssis tövsiyəsi ilə istifadə edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB