Evimiz sökülürsə, az verilən kompensasiyanı necə artırmaq olar? - AÇIQLANDI

“Bir çox vətəndaşlara təqdim olunan kompensasiyanın həcmi az olduğundan böyük narazılıq doğurur. Belə olan halda tikinti şirkəti ilə razılaşmayan sakinlər onlara təqdim edilən pulun az olmasını əsas gətirərək evlərini tərk etməkdən imtina edirlər”.

Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.

O bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ var və mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur:

”Həmçinin, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Hazırda ciddi problemlərdən biri kiçik sahəli mənzillərin əvəzində verilən kompensasiyanın şəhərdə yeni mənzil almağı əhatə etməməsidir. Şəhərin bu hissəsində 15-25 kvadratmetr sahəli evlər çoxluq təşkıl edir. Əgər vətəndaşın 20 kvadratlıq mənzili varsa, ona elə bir məbləğ ödənilməlidir ki, həmin şəxs həmin və ya yaxın ərazidə yaşayış şəraitinə uyğun yeni mənzil ala bilsin.

Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu bu sahəni tənzimləyir. Həmin Qanuna və müvafiq normativ standartlara əsasən, hər bir əmlak fərdi qaydada qiymətləndirilməlidir.

Qiymətləndirmə zamanı mənzilin təmir vəziyyəti, aşınma dərəcəsi, tikilinin yaşı və digər xüsusiyyətlər nəzərə alınmalıdır. Fərdi evlərdə aparılmış əlavə tikililər və yaxşılaşdırmalar – hovuz, zirzəmi, mansard və digər qurğular da qiymətləndirməyə daxil edilməlidir. Lakin şirkət ilə vətəndaşlar problemlər yaranır. Hər iki tərəf razılığa gələ bilmir. Belə olan halda mübahisələr çox vaxt məhkəmə mərhələsinə qədər gedib çıxır.
Eyni zamanda, qiymətləndirmə zamanı hansı bir qanunvericiliyin tələblərinə görə normativlərin əsas götürüləcəyi qanunvericilikdə açıq şəkildə müəyyən olunmalıdır.

Elə tikinti şirkətləri var ki, köhnə binaların sökülməsi zamanı sakinlərə çox vaxt pul yerinə yeni tikilən binalarda mənzil təklif edirlər. Bu halda sakinə sökülən mənzilinin sahəsindən 20 faiz daha artıq sahəsi olan yeni mənzil verilir. Mənzil inşa edilən müddətdə sakinlərə müvəqqəti kirayə haqqı (adətən aylıq 300–500 manat arası) və birdəfəlik köç xərci ödənilir.

Azərbaycan Respublikasının Mülki Məcəllənin 211-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilməlidir. Yəni evlərin və obyektlərin sökülməsi ilə əlaqəli olan maraqlı tərəflər mülki qanunvericiliyin tələbləri nəzərə alınmaqla ödəniləcək müvafiq təzminatın həcmini qarşılıqlı razılaşma əsasında müəyyən etmək hüququna malikdirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə