Narkomaniya və digər asılılıqların artması sosial köklərlə bağlıdırmı? - SOSİOLOQ DANIŞDI
"Son illərdə narkotik maddələrdən istifadə, alkoqolizm və digər zərərli vərdişlərin yayılması cəmiyyət üçün ciddi problemlər yaratmaqdadır. Bu cür asılılıqlar təkcə fərdin sağlamlığına deyil, həm də ailə münasibətlərinə, sosial rifaha və ümumi ictimai təhlükəsizliyə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, asılılıqların artması müxtəlif sosial, psixoloji və iqtisadi səbəblərlə bağlıdır".
Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
_(1).jpg)
Ekspert sözlərinə belə davam edib: "Asılılığa gətirib çıxaran əsas amillərdən biri valideyn nəzarətinin kifayət qədər olmamasıdır. Valideynlər övladlarının dost çevrəsinə, gündəlik fəaliyyətlərinə və davranışlarına diqqət yetirməlidirlər. Nəzarətsiz qalan yeniyetmələr zərərli vərdişlərə daha tez meyl göstərə bilirlər.
Psixoloji gərginlik, həyat çətinlikləri və gələcəyə ümidsizlik insanları yanlış yollara sürükləyə bilir. Depressiyaya düşən şəxslər bəzən çıxış yolunu narkotik maddələrdə və spirtli içkilərdə axtarırlar. Lakin bu vasitələr problemi həll etmir, əksinə insanı daha ağır psixoloji və sosial uçuruma aparır.
Orta məktəblərdə zərərli vərdişlərin fəsadları barədə maarifləndirici tədbirlərin və profilaktik işlərin yetərincə aparılmaması da risk faktorlarından biridir. Gənclər narkotiklərin və alkoqolun sağlamlığa vurduğu zərərlər haqqında dolğun məlumat əldə etmədikdə, təhlükənin miqyasını düzgün dərk etmirlər. Ailədə asılılığı olan şəxsin mövcudluğu digər ailə üzvləri üçün də risk yaradır. Belə hallarda zərərli vərdişlər adi davranış kimi qəbul edilə bilər. Bundan əlavə, narkotik istifadəçiləri bəzən yaxın dostlarını,ailə üzüvlərini və tanışlarını da bu yola cəlb etməyə çalışırlar.
Son dövrlərdə sintetik narkotik vasitələrin sayının artması, onların əlçatan olması və nisbətən ucuz qiymətə satılması asılılıqların yayılmasını sürətləndirən əsas amillərdəndir. Bu maddələr xüsusilə gənclər arasında daha təhlükəli tendensiya yaradır.
Narkomaniya və digər zərərli vərdişlərin yayılması tibbi, psixoloji, sosial və iqtisadi faktorların birgə təsiri nəticəsində baş verir. Bu problem yalnız fərdin zəifliyi kimi qiymətləndirilməməlidir. Cəmiyyətin sosial vəziyyəti, ailə münasibətləri, təhsil səviyyəsi və iqtisadi çətinliklər də asılılıqların artmasında mühüm rol oynayır. Asılılıqlarla mübarizə aparmaq üçün maarifləndirmə tədbirlərinin gücləndirilməsi, ailə nəzarətinin artırılması, gənclərin sağlam həyat tərzinə təşviqi və sosial problemlərin həlli vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB