İnsanlar arasında aqressiyanın artmasının əsas səbəbləri nələrdir ? - PSİXOLOQ AÇIQLADI

Son illər insanların bir-birinə qarşı aqressiyasının artması cəmiyyətimizin gündəlik həyatında özünü daha qabarıq göstərir. Kiçik yaşlı uşaqlardan tutmuş yetkin insanlara qədər, hər kəsdə müəyyən aqressiv davranışlara rast gəlmək mümkündür. Bəs, bu prosesin səbəbləri nədir və cəmiyyətimizdə aqressiyanın artmasının qarşısını necə almaq olar? İnsanlar niyə bu qədər aqressivləşir?

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, insanların bir-birinə qarşı artan aqressiyasının bir neçə əsas səbəbi var:

"Uşaqların bu prosesdəki rolu xüsusilə diqqət çəkir, çünki onlar böyükləri təqlid edir və gördükləri davranışı öz aralarında olduğu kimi təkrar edirlər. Əgər böyüklər arasında ünsiyyət problemi varsa, uşaqlar da bunu model kimi qəbul edir. Üstəlik, uşaqların həddindən artıq oyunlara və sosial mediaya cəlb olunması, texnoloji vasitələrdən çox istifadə etməsi və real, canlı ünsiyyət imkanlarının azalması onları emosional baxımdan daha həssas və bəzən daha aqressiv edir.

Böyüklərdə isə aqressiyanın mənbələri daha genişdir. İnsanlar arasında ünsiyyətin zəifləməsi, bir-birini anlamama və ya dinləməmə problemi münasibətləri gərginləşdirir. İqtisadi çətinliklər, sosial mühitin sürətlə dəyişməsi və insanların öz həyatlarını sosial mediada gördükləri “ideal” həyatlarla müqayisə etməsi də əlavə psixoloji yük yaradır. Sosial mediada göstərilən rahat həyat tərzləri, yüksək maddi imkanlar, xoş görüntülər insanlarda “Niyə məndə yoxdur?”, “Mən niyə belə deyiləm?” kimi düşüncələr formalaşdırır. Bu isə özlüyündə narazılığa, daxili gərginliyə və nəticədə aqressiv davranışlara gətirib çıxara bilir.

Aqressiya bəzən zəncirvari şəkildə yayılır. Bir insan kobud danışdıqda, qarşı tərəf də eyni şəkildə reaksiya verir, bu da qarşılıqlı hövsələsizlik yaradır. Bu domino effekti nəticə etibarilə həm fərdi münasibətləri pozur, həm də cəmiyyətdə emosional gərginliyi artırır.

Məncə, bütün bu problemlərin kökündə insanların bir-birini dinləməyi bacarmaması dayanır. Səmimi, diqqətli və anlayışlı şəkildə dinləyə bilmək insan münasibətlərində ən vacib ünsürlərdən biridir. Əgər insanlar bir-birinə dağıdıcı yox, konstruktiv yanaşmağı bacarsalar, problemi böyütmək əvəzinə onun həll yollarını düşünməyə çalışsalar, daha sağlam və uğurlu nəticələr əldə etmək mümkündür. Dinləmək sadəcə qulaq asmaq deyil – həm də qarşındakı insanın hisslərini, narahatlıqlarını anlamağa çalışmaqdır. Bu bacarıq inkişaf etdikcə həm ailədaxili münasibətlər, həm də ümumi sosial mühit daha sakit, mehriban və anlaşmalı ola bilər.

Nəticə etibarilə, aqressiyanın azaldılması üçün həm böyüklərin, həm də uşaqların emosional mədəniyyətini inkişaf etdirmək, real ünsiyyəti artırmaq, sosial mediadan istifadəyə balans gətirmək və ən əsası bir-birini dinləməyi öyrənmək lazımdır. Bu dəyişikliklər tədricən daha sağlam, daha anlayışlı bir cəmiyyətin formalaşmasına səbəb ola bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə