Bu gün gənclər arasında qəribə bir “qəhrəmanlıq yarışı” başlayıb: 500 manat maaşla ailə qurmaq. Bəziləri bunu cəsarət, sevgiyə sadiqlik, ya da “hər şey pulla deyil” fəlsəfəsi kimi təqdim edir. Amma reallıqda bu, nə romantik jestdir, nə də qəhrəmanlıq. Bu, sadəcə düşünülməmiş bir addım, məsuliyyətsizliyin başqa bir adıdır.
Bəli, pul xoşbəxtlik gətirmir — amma onun yoxluğu, çox zaman xoşbəxtliyin kökünü kəsir. Bir gənc 500 manatla necə ailə saxlaya bilər? Kirayə, kommunal, ərzaq, geyim, tibbi xərclər... Bunların hansını sevgi ilə ödəmək mümkündür? Sevgi gözəldir, amma o, elektrik sayğacına qoşulmur, nə də kirayə sahibinə verilən icarə haqqı kimi keçmir.
Ən acınacaqlısı isə budur ki, bu gənclər “bütün çətinliklərə baxmayaraq bir yerdəyik” deyib fəxr edirlər. Halbuki onlar çətinliklərlə yaşamağı yox, normal bir həyat qurmağı düşünməlidirlər. Ailə təkcə iki insanın bir dam altında yaşaması deyil; o, həm də sabitlik, maddi və mənəvi dayaq, gələcəyin təminatıdır. 500 manatla bu sabitliyi qurmaq mümkün deyil, nə qədər “ürəkli” olsan da.
Təəssüf ki, cəmiyyət də bu məsələdə çox vaxt yanlış mesaj verir. “Əsas sevgi olsun, qalanı gələr” deyənlər, bu gəncləri həyatın sərt reallığına hazırlamır. Sevgi yemək deyil, uşaq bezini, dərmanı, kirayəni əvəz eləmir. İllər sonra bu “romantik ailələr” maddi sıxıntılar içində bir-birini günahlandırmağa başlayır. Nəticə — dağılmış ailələr, travmalı uşaqlar, puç olmuş arzular.
Ailə qurmaq tələskənlik deyil, məsuliyyətdir. Maddi baza olmadan ailə qurmaq, gələcəkdə həm özünü, həm də qarşı tərəfi əzaba salmaq deməkdir. Gənclərin bir çoxu düşünür ki, “bir yerdə işləyib yavaş-yavaş hər şeyi düzəldərik”. Amma bu “yavaş-yavaş” çox vaxt sonsuz bir mübarizəyə çevrilir, sevginin içindəki istiliyi də dondurur.
Bu gün 500 manatla ailə quran gənc, sabah körpəsinə süd ala bilməyəndə sevgidən danışa biləcəkmi? Gələcək haqqında plan qurmaq üçün gərək minimum sabitlik olsun. Əgər həyatın başlanğıc nöqtəsində belə çətinliklərlə boğulursansa, o zaman bu, ailə qurmaq deyil, özünü və sevdiyini sınağa atmaqdır. Əgər doğrudan da ailə cəmiyyətin təməlidirsə, o zaman bu təməlin üzərinə 500 manatlıq bünövrə qoymaq yox, daha sağlam bir başlanğıc düşünmək lazımdır. Çünki ailə — sevgi ilə bərabər, həm də rifah, məsuliyyət və sabahın ümididir.
İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB