"Bu gün biz zəfərimizi bu qayıdışla bir daha təsdiqləyirik" -MÜNASİBƏT BİLDİRİLDİ

“44 günlük şərəfli mübarizəmizdən və şanlı zəfərimizdən sonra qalibiyyətin ilk günlərindən etibarən torpaqlarımızda böyük quruculuq işləri həyata keçirməyə başladıq. Eyni zamanda torpaqlarımıza böyük qayıdış planı ölkə prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edildi. Proqram çərcivəsində hər ötən gün, 30 ildən bəri öz doğma torpaqlarına, yurd-yuvalarına həsrət qalmış həmvətənlərimiz doğma evlərinə qayıdırlar. Bu günlərdə Cəbrayıl rayonuna da böyük köç prosesi oldu. Ümumiyyətlə müharibədən sonra keçən dövr ərzində demək olar ki, 30 ildən bəri torpaqlarına həsrət qalmış insanların abadlaşan rayonlarımızda dövlət hesabına evlə, işlə təmin edilməsi, bütün infrastruktur təminatların həyata keçirilməsi dövlətimizin böyük diqqətidir. Eyni zamanda bu böyük qələbəmizin davamı deməkdir”. Bu sözləri Əmək və Sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün həmin ərazilərə baş verən köç sadəcə insanımızı öz ana-ata, baba torpağına qaytarmır, həmçinin bu köçün arxasında böyük siyasi məna və motivlər var: “Yəni bu gün biz zəfərimizi bu qayıdışla bir daha təsdiqləyirik.

Həmçinin əbədi sakinləri olduğumuzu və olacağımızı bütün dünyaya, eyni zamanda illərdən bəri haqqımızı, ədalətimizi görmək istəməyən tərəflərə nümayiş etdiririk. Növbəti köçümüz mübarək olsun deyirik. Bu ilk və son köç deyil. Bizim torpaqlarımıza qayıdış prosesi sürətlə davam edir. Ölkə Prezidentinin və xanım Mehriban Əliyevanın birbaşa rəhbərlikləri ilə həyata keçirilən qayıdış planı ilə hər birimiz bir Azərbaycanlı olaraq qürur duyuruq. Hələ qarşıda bizi daha böyük zəfər gözləyir. Biz sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması kimi əhəmiyyəti proseslərin qarşısındayıq. Ölkə Prezidentinin də söylədiyi kimi, Zəngəzur dəhlizi mütləq açılacaq”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə