"Ən ağır formalarında ana özünə və körpəsinə zərər belə yetirə bilər" - PSİXOLOQ İZAH ETDİ

"Bəzi qadınlar övlad dünyaya gətirdikdən sonra ciddi hormonal dəyişiklik səbəbindən, eyni zamanda psixoloji baxımdan ciddi narahatlıq keçirirlər". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

O bildirib ki, doğuş sonrası psixoz statistikaya nəzər saldıqda nadir hallarda rast gəlinsə də, baş verdiyi zaman xəstə və xəstə yaxınları üçün heç də asan ötüşmür: "Doğuşdan 2-3 gün sonra əsasən doğuş prosesi baş verdiyi ilk həftədən etibarən başlaya bilir. Orqanizmlər individual olduğundan simptomlar 1 ay ərzində üzə çıxa bilər. Ana ya övladına yetərincə qulluq etmədiyini, ona lazımı diqqət və qayğını verə bilmədiyini düşünərək, özünü aşırı günahkar hiss edir. Yaxud, ana dünyaya gətirdiyi övladın onun övladı olmadığını, onu görərkən sevgi deyil, nifrət dolu duyğuları oldugunu dilə gətirə bilər.

Ən ağır formalarında isə ana özünə və körpəsinə zərər belə yetirə bilər. Hətta təcrübəmdə bir xanım dünyaya gətirdiyi körpəsini gördükdə "bu uşaq deyil, bunu götürün, aparın buradan" kimi ifadələr işlətmişdi. Ümumiyyətlə, zahılıq dönəmi sağlam psixologiyası olan insanlar üçün belə asan dönəm deyil.Yeni mühit, yeni planı olmayan, davamlı və ardıcıl qayğılar yuxusuz gecələr və s.

Lakin doğuş sonrası psixoz ciddi psixiatrik problem olduğundan bu mərhələ (zahılıq) həmin şəxslər üçün çox ağır keçir. Araşdırmalar göstərir ki, bu problemdən əziyyət çəkən insanların böyük qismi əvvəlcədən depressiya yaşamış, bipolyar pozuntudan, və ya şizofreniyadan əziyyət çəkmiş insanlar olur. Müalicəsi nə qədər müddətə mümkündür? Təxmini 2-3 ay müddətində dərman müalicəsindən qısa müddət keçdikdən sonra psixoloq işləməyə davam edir. Bu problemin tez meydana çıxması xəstənin ailə üzvlərindən asılıdır. Onlar yeni ana olmuş şəxsi daha çox gördüklərindən xəstəliyin daha tez fərqində ola bilərlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə