İlham Əliyev: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Dövləti yaratmaq asandır, amma onu yaşatmaq hər cəmiyyətə nəsib olmur. Çünki yaranan quruluşun uzunömürlülüyünün təminatı üçün yürüdülən sosial, mədəni, siyasi, iqtisadi siyasət konsepsiyası çox vacib amildir. Xüsusilə, müstəqilliyimizi bərpa etdikdən sonra, 90-cı illərin əvvəllərində yaranmış çətin situasiya, qarışıqlıq dövründə xalqın rifah halının yaxşılaşdırılması, iqtisadi asılılığın azaldılması, siyasi sərbəstlik, yoxsulluğun azalması, işsizliklə mübarizə bu yolda qarşıya çıxan çətin problemlər idi.

Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın iqtisadiyyatı və sosial təminat sahəsi ciddi böhrana düşdü, təsərrüfat sistemi sıradan çıxdı. Sosialist iqtisadi sistemindən kapitalizmə keçid prosesi ağrılı oldu, bu dövr təbii olaraq çoxsaylı problemlərin meydana çıxması halları müşahidə olundu. Zavod-fabriklərin, müxtəlif təyinatlı istehsal və qeyri-istehsal müəssisələrinin fəaliyyətinin dayanması işsizliyin, yoxsulluğun sürətlə artmasına, əhalinin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxardı.

Yaranmış vəziyyət təcili tədbirlər görülməsini, iqtisadiyyatda dönüş yaradılmasını, əhalinin sosial vəziyyətinin yaxşılaşmasını qaçınılmaz edirdi. 90-cı illərin əvvəllərində ölkəyə rəhbərlik edən hökumət bu işin öhdəsindən gələ bilmədi, bütün sahələrdə qarışıqlıq, xaos yarandı, ölkədə istehsalat yox səviyyəsinə endi, sosial təminatlar həyata keçirilmədi, müavinətlər ödənmədi, xalq çörək üçün uzun növbələrə dayandı. Vəziyyət yalnız 93-cü ilin ortalarından- ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dəyişməyə başladı. Heydər Əliyevin parlaq zəkası, dövlətçilik təcrübəsi, uzaqgörənliyi ona ölkəmizi idarə etdiyi dövrdə ən obyektiv və optimal qərarlar verməyə imkan yaratdı. Dövlətçilik bacarığı və respublika təsərrüfatını dərindən bilməsi qarşıya qoyulmuş məqsədlərə çatmasında ona kömək oldu.

Ümummilli liderin öz qarşısına qoyduğu ən vacib vəzifələrin sırasına əhalinin sosial müdafiənin gücləndirilməsi, insanların sosial rifahının yaxşılaşdırılması daxil idi. Bunun üçün mütləq qaydada iqtisadiyyatı böhrandan çıxarmaq, gəlirlərin artmasını təmin etmək lazım idi. Yalnız bundan sonra sosial problemləri həll etmək, əhalinin rifahını yüksəltmək olardı. Sosial sferada köklü dəyişikliklər məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra baş verdi. Onun başlatdığı bu siyasəti İlham Əliyev prezident seçildikdən sonra da davam etdirdi.

Artıq 2003-cü ildə Azərbaycan əhalisinin sosial vəziyyəti xeyli yaxşılaşmış, işsizlik və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılmasına nail olunmuş, xalqın rifahına xidmət edən güclü, davamlı inkişaf edən dövlət sitemi yardılmışdı. Azərbaycan xalqı məhz bu böyük işi qiymətləndirərək 2003-cü ildə Heydər Əliyevin həmin siyasətini davam etdirəcəyinə söz verən varisinə - İlham Əliyevə etimad göstərdi. Zaman da sübut etdi ki, xalq öz seçimində yanılmadı. İlham Əliyevin rəhbərliyi dövründə həm iqtisadiyyatımız dünyada ən yüksək templə inkişaf etdi, həm də əhalinin sosial rifahı dəfələrlə gücləndi. Atasının qoyduğu izlə addımlayan İlham Əliyev həm də onun vəsiyyətinə əməl elədi, Azərbaycana misilsiz bir töhfə verdi - xalqın 30 illik həsrətini bitirdi, onları doğma torpaqlarına qaytardı.

Siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığı Prezident İlham Əliyev bu fundamental məsələni belə dəyərləndirir: “Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır”.

Məlumat üçün qeyd etmək yerinə düşərdi ki, hər il prezidentin imzaladığı fərman və sərəncamların 65 faizi, məhz sosialyönümlü olur. Bunu son 5 ildə - 2018-2022-ci illərdə həyata keçirilən sosial islahatlar, imzalanan fərman və sərəncamlar, davamlı sosial paketlər, eləcə də dövlət başçısının 2023-cü il üçün müəyyənləşdirdiyi sosial dəstək paketi ilə bağlı statistika da təsdiqləyər.

Ümumiyyətlə, vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə aparılan sosial siyasətin ana xəttini təşkil edir. Əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin ön sırasında dayanır. Xüsusilə, I və II Qarabağ Müharibələrində şəhid olan, itkin düşən, yaralanan insanların ailələrinə olan diqqəti qeyd etmək lazımdır.

Təsadüfi deyil ki, yenidən ölkənin Prezidenti seçildikdən sonra dövlət başçısının aprelin 19-da imzaladığı ilk fərman, məhz şəhid ailələri və həmin ailələrə növbəti ciddi dəstək tədbirini nəzərdə tutması ilə əlaqədar oldu. Bu sənədlə, həmçinin 2019-cu ilin yanvarında imzalanan fərmanla yeni mühüm sosial müdafiə proqramı icra edildi, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının - 12 min şəhidin vərəsələri 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olundu. Bu, dövlət başçısının həmin kateqoriyadan olan insanlara göstərdiyi diqqət və qayğının nümunəsi idi.

Həm müharibə, həm də pandemiya şəraitində olan bir ölkədə, eyni zamanda, sosial rifahı tənzimləmək, ehtiyacları ödəmək ağıllı bir siyasət yürüdülməsini tələb edirdi. Müharibədən çıxmış bir dövlət qlobal pandemiya ilə mübarizəsini hələ də davam etdirirdi. Bu səbəbdən də dövlət büdcəsində sosialyönümlü xərclərin artırılması prioritetliyini saxladı. 2021-ci, 2022-ci və 2023-cü illərin zəfər büdcələrində sosial xərclərin 38,8 faizdən 46 faizdək artırılması bunun əyani təsdiqidir.

Göründüyü kimi, zəfərdən sonra da hər il dövlət büdcəsində sosialyönümlü xərclər artırılır. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə aparılan sosialyönlü işlər, zavod və fabriklərin inşası, iş yerlərinin açılması həmin ərazilərdə məskunlaşan və gələcəkdə məskunlaşacaq insanlar üçün olduqca əlverişlidir.

Lalə Mehralı

Bütün xəbərlər Facebook səhifəmizdə