Ən çox siqarent çəkən ölkə BƏLLİ OLDU - AİB SƏDRİ AÇIQLADI

“Siqaret çəkmək birmənalı şəkildə məişət narkomaniyasıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov sözlərinə belə davam edib: “Bütün dünya tütün və tütün məmulatlarının zərərli olduğu qərarına gəlib. Siqaret çox az mallardan biridir ki, dünya buna qarşı gedir. Lakin dünyada tütün və tütün məmulatları mövcuddur. Azərbaycanda tütün və tütün məmulatları haqqında qanun qəbul olunub. Azərbaycan BMT-nin tütün əleyhinə çərçivə konvensiyasına qoşulub və qanunda ardıcıl olaraq son ildə xüsusən dəyişikliklər olur, qanun gücləndirilir. Lakin qanunun gücləndirilməsinə baxmayaraq yerinə yetirilmir. Məsələn, mövcud qanunda siqaretlərin tək-tək, təhsil müəssisələri, tibb müəssisələri yaxınlığında satışı qadağan olunur və s.

Siqaretin bütün növləri zərərlidir. Layt , yüngül və nazik siqaretlər də bura aiddir. Lakin zərərlidən daha zərərlisi isə filtrsiz ucuz siqaretlərdir və təəssüf ki Azərbaycanda illər boyu bu istehsal olunub. Biz AİB olaraq 15 il öncə 4 bu cür fabrikin bağlanmasına nail olduq, çoxlu təzyiqlər oldu, xaricdə ekspertizalar keçirdik. Məlum oldu ki, karbon monoksitin, nikotinin miqdarı tərkibində qat-qat çoxdur və dövlət orqanları da bizə kömək etdi.

Lakin son 5 ildir Şəkidə bir müəssisə işə düşüb, filtrsiz siqaretlər istehsal edir, Karvan, Marxal adı altında və s. Bunların da biz ekspertizasını keçirmişik, dövlət orqanları arasında məsələ qaldırmışıq, hamı deyir ki, pisdir. Lakin o da istehsalını davam edir. Valideynlər mənə zəng vurur ki, uşaqlara pul veririk məktəbdə yemək yesinlər, gedib alıb siqaret çəkirlər və s.

Qeyd etdiyim kimi qanunda dəfələrlə sərtləşmələr getsə də ölkənin əmtəə bazarı bu sahədə zibillənməkdə davam edir. Hələ bazara qəlyan da daxil oldu. Qlou deyilən bir şey guya siqareti tərgitmək üçündür. O birisi isə elektron siqaretlərdir və bunlar da heç də tütün məmulatlarından az zərərli olmayan mallardır, baha qiymətə satılır. Guya bununla insanlar siqareti tərgidər. Lakin bunlar səhv bir fikirdir. Bunlar da insanlarda alışqanlıq yaradır və birmənalı şəkildə insanlara zərərlidir.

Bütün bunlarla bərabər ölkədə mənşəyi məlum olmayan daha təhlükəli qaçaqmal tütün məmulatları var. 2017-ci ildə beynəlxalq təşkilatların apardığı bir araşdırmaya görə Azərbaycan büdcəsi qaçaqmal siqaretlərdən 20 milyon dollar zərər çəkmişdir. Siqaretlərin qaçaqmallığı ilə bərabər qlounun, eləcə də elektron siqaretlərin də qaçaqmalı var ölkədə, çox təəssüflər olsun. Qaçaqmal ona görə AİB-in diqqətini cəlb edir ki, onların istehsal mənbəyi məlum deyil, daha təhlükəlidir, yəni heç bir standarta cavab vermədən istehsal olunur və Azərbaycana gətirilir. Bütün bu məsələlər fonunda tütün məmulatları insanların sağlamlığına mənfi izlərini qoyur və Azərbaycanda qanun nə qədər dəyişdirilsə, sərtləşdirilsə Azərbaycan marketlərinə bu təsir etməyib.

Azərbaycan dünyanın çox az, o cümlədən MDB ölkələrindən biridir ki, müasir marketlərə daxil olduqda bizi canlı siqaret reklamı qarşılayır. Düzdür, reklam haqqında qanuna görə malın özü reklam hesab olunmur. Bu kökündən bir səhvdir. Qanuna təsir olunub, qanun yanlış qəbul olunub. Malın özü əslində ən yaxşı canlı reklamdır. Ona görə də qanundakı o çatışmazlıqdan, qanuna müdaxilə nəticəsində əldə olunan bu mənfi nəticədən satıcılar istifadə edir və Azərbaycanda marketlərdə insanları ilk siqaret taxçaları kassirin yanında qarşılayır. Bu yolverilməzdir.

Azərbaycan çox siqaret çəkən ölkədir. Ən azı marketlərdə bu vəziyyət yığışdırılmalıdır. Ən aşağısı Rusiya, MDB təcrübəsi daxil olmalıdır, üstləri onların örtülməlidir. 18 yaşa qədər satışı qadağandır və s. kimi çağırışlar yazılmalıdır, əgər saxlamaq istəyirlərsə. Lakin mən arzu edərdim ki, məsələn Filippindəki kimi olsun. Qətiyyən marketlərdə siqaret satılmır, xüsusi yerlərdə, ayrıca bir yerlərdə, kiçik otaqlarda pəncərədən satılır. Ancaq doğma Bakımızda hətta siqaret evləri yaradılıb. Məsələn, Xəqani küçəsi ilə Zorgi küçəsinin kəsişməsində siqaret evi yaradılıb. Nəinki marketlərdə hətta ayrıca evlərdə yaradılıb ki, gəlin hansı siqareti istəyirsinizsə alın.

Qaçaqmal siqaretlər isə illər boyu Azərbaycanda davam edir. Bunlar daha təhlükəlidir. Çox təəsüf ki, insanların sağlamlığı üçün əhəmiyyət kəsb edən bu qanun yerinə yetirilmir. Siqaretlərin tək-tək satışı, qeyd olunan yerlərdə satışı, çəkilib yerə atılması davam edir.

Mən buna son getdiyim ölkələrdə fikir vermişəm, məsəl üçün Filippində əgər küçədə siqaret çəkərsənsə insanları ciddi cərimə gözləyir. İtaliyadan təzə gəlmişəm, siqaret çəkilişi çox məhdud vəziyyətdədir və marketlərdə satılmır, ayrıca yerlərdə satılır. Yəni marketlərin kənarında bir yerdə, harda gəldi, necə gəldi siqaretin satışı yox dərəcəsindədir. Ümumiyyətlə elektron siqaret, qloun satışı müşahidə olunmur.

Dünyanın gözəl ölkəsi Azərbaycan çox təəssüflər olsun ki, uzunömürlülük siyahısında bir neçə Afrika ölkəsindən tibbə, qidaya əlçatanlığı çox aşağı olan Şri-lankadan, Banqladeşdən, Filippindən geri qalır. 190 ölkə arasında 119-cu yerdədir. Bu bizi düşündürməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə