Meydan Əsgərov: \"Bəzi populyar müğənnilər toyu idarə edə bilmirlər\" - İTTİHAM

Müğənni Meydan Əsgərov uzun illər səhnədə olsa da, hər zaman qalmaqallardan uzaq olmağa çalışıb. Sözügedən müğənninin SİA-ya verdiyi müsahibəni təqdim edirik:


- Bizim müğənnilər toy bazarı tutmaq üçün lirik, klassik əsərlərə müraciət etmirlər. Bu fikirlə razısınız?

- Həqiqətən indi müğənnilər toy bazarında olmaq üçün başqa mahnılara üstünlük verirlər. Ancaq bu mahnının mənim üçün xüsusi önəmi var. Məhz Beyrəyin mahnısına görə mənə müraciət edənlər çox olur. Filmdə mahnı xalq artistimiz Yalçın Rzazadənin ifasında səslənib. Mənə də bu mahnı uğur gətirib. Bu mahnını çox sevirəm. Hərənin bir tembri var. Bu mahnı mənim də ifamda qəbul olundu.


- Bəzən gənclərimiz korifeylərimiz tərəfindən möhürləri vurulan mahnılara müraciət etməkdən qorxurlar. Yəni risk etmirlər. Siz necə, Yalçın Rzazadədən sonra bu mahnıya müraciət etməyə qorxmadınız ki?

- Qorxmamışam. Səsimə güvənirəm. Repertuarımda 200-dən artıq mahnı var. Bu mahnını ifa etmək mənə çox uğur gətirib. Qaldı toy bazarına, razıyam. Çox vaxt müğənnilər 6-8-lik mahnılar oxuyurlar. Bu mahnı kommersiya xarakterli musiqi deyil. Ancaq ürəyimə yatan mahnıdır. Emin Sabitoğlunun bəstəsidir. Məndən bunu el şənliklərində tez-tez tələb edirlər. Efir məkanında mən özümü bu mahnılarla bəlkə də tanıda bilməmişəm. \"Sarı gəlin\" mahnısı mənə populyarlıq gətirdi.


- Sözügedən mahnıyla nə qədər pul qazanmısız ?

- Deyərdim ki, məndən çox populyar müğənnilər bu mahnıdan yaxşı pul qazanıblar. Çünki ən tanınmış müğənnilər belə toylarda bu mahnını oxuyublar. Məndən çox onlar qazanıblar. Bəziləri deyirlər ki, biz belə mahnılar oxumuruq. Ancaq eşitmişəm ki, həmin müğənni toyda məhz bu mahnını oxuyub.


- Sirr deyilsə, siz toylara neçəyə gedirsiz?

- Baxır toya. Bakıda 3-4 min manat arası toya gedirəm.


- Populyarlarla eyni məclislərdə olursuz. Sizə yuxarıdan aşağı baxanlar olub?

- Yuxarıdan aşağı baxana mən qalxıb lap yuxarıdan baxıram. Normal münasibət göstərənlərə də hörmətlə yanaşıram. Efirdən görünən, populyar olan bəziləri özlərini dartmaqla heç nə əldə etmirlər. Allah təkəbbürlü insanları sevmir. İnsan olmağı bacarmaq lazımdır.


- Toylarda varsınız. Bəs efir məkanında niyə az görünürsüz?

- Bu gün heç kimə sirr deyil ki, efirlərlə tanışlıq, bir də kommersiya üstündə qurulub. Mənim də bəzi problemlərim olub. O üzdən efirlərə çıxmağımda fasilələr yaranıb. İnşallah, yaradıcılığımda dəyişikliklər var. Bundan sonra maraqlı layihələrlə, konsert proqramı ilə tamaşaçı qarşısına çıxacam. Efirlərdə görünəndə populyar olursan, bu sirr deyil. Ancaq bundan sonra efir məkanında görünəcəm.

Bizim psixologiyamızda bu var ki, efirdə çox görünənə müraciət edirlər. Toyda populyar müğənninin dəvət edir. O müğənni də toyu idarə edə bilmir. Ev sahibi peşman olur ki, bu qədər pulu ona verib. Ancaq peşmançılıq sonradan fayda vermir. Gərək qalmaqal edəsən ki, səni tez tanısınlar. Bu da mənim mədəniyyətimə yaraşmaz.

Mən Mübariz İbrahimovun xatirəsinə mahnı yazdım, oxudum, klip çəkdirdim. Ancaq efirlər o klipin yayımlanması üçün məndən 1500 manat pul istədilər. Axı səsi olan müğənnidən pul almaq düzgün deyil.


- Yeni layihəniz nə zaman tam hazır olacaq?

- Həmin layihəm yaxın zamanda hazır olacaq. Bu mahnıya klip çəkdirməyi də nəzərdə tutmuşam. İstəyirəm ki, korifey sənətçimizin ifasında olan mahnıya layiqincə klip çəkdirim. İndi korifey sözünü o qədər ucuzlaşdırıblar ki, adam böyük sənəkarları təqdim edəndə bilmir hansı sözdən istifadə etsin ki, düzgün səslənsin. Korifeyin yerinə yeni söz tapmaq lazımdır.

Emin Sabitoğlunun sənəti ölməzdir. İstəyirəm ki, repertuarımda klassik əsərlər üstünlük təşkil etsin. Hətta toylarda da bu mahnılardan çox istifadə edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə