Ermənilər Laçından çıxır -AÇIQLAMA

"Bilirsiz ki, 44 günlük Vətən Savaşından sonra imzalanan üçtərəfli bəyanatın 6-cı bəndinin tələblərinə görə Laçın dəhlizinə paralel yol çəkilib və rus “sülhməramlı” kontingenti də indi həmin yola dislokasiya olunmalıdır. Bu isə indiki Laçın dəhlizi istiqamətində olan ərazilərdən ermənilərin avtomatik olaraq çıxmasını şərtləndirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Politoloqun sözlərinə görə, buraya təkcə Zabux kəndi deyil, həmin istiqamətdəki bütün kəndlər, o cümlədən də Laçın şəhəri daxildir: "Çünki söhbət Azərbaycan vətəndaşı olan ermənilərdən getmir. Adıçəkilən ərazilərdə yaşayan ermənilər, əsasən, Livan və Suriya erməniləridir. Başqa sözlə desək, söbət sərhədlərimizi qanunsuz keçmiş və qeyri-qanuni olaraq ərazilərimizdə məskunlaşmış ermənilərdən gedir.
Verilmiş vaxtın uzadılması ilə bağlı sualınıza gəldikdə isə, belə cəhdlər artıq var. Bilirsiniz ki, Azərbaycan tərəfi həmin ermənilərin oradan çıxarılması üçün avqust ayının 25-ə qədər vaxt verib. Bunu separatçı rejimin başçısı Araik Arutunyan da təsdiqləyib və Rusiya “sülhməramlılarının” Azərbaycanın xəbərdarlıq məktubu haqda ona xəbər verdiklərini deyib. Erməni tərəf isə köçürülmənin sentyabrın 1-ə qədər baş tutacağını bildirib. Yəni, buradan da ermənilərin artıq indidən 5 gün əlavə vaxt istədikləri məlum olur".

Politoloq sözlərinə əlavə edərək qeyd edib ki, indi əsas məsələ həmin o 5 gün məsələsi deyil, oradan çıxan ermənilərin əmlakımıza zərər verməməsi və növbəti təxribatlara cəhd etməməsi məsələsi olmalıdır: "Belə ki, Kəlbəcərin boşaldılması zamanı bu xəstə təxəyyüllü toplumun evlərimizi necə yandırdıqlarının və tərk etdikləri ərazilərdə çoxlu sayda mina basdırdıqlarının şahidi olmuşuq. Onların bu barbarlığı haqqında çoxlu videogörüntülər var və bütün dünya da bunun şahididir. Odur ki, bu məsələdə diqqətli olmaq və bu cür halların baş verməməsi üçün konkret addımlar atılması vacibdir. İlk növbədə, Rusiya tərəfinin nəzərinə çatdırılmalıdır ki, həmin ərazilərə müvəqqəti nəzarət edən tərəf olaraq ermənilərin köçürülməsi mərhələsində əmlakımıza zərər verməməsini təmin etsinlər və əvvəllər olduğu kimi mina basdırılması kimi terror aktlarına cəhdlərə imkan verməsinlər".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə