10 Dekabr Qələbə paradı - Xalq-İqtidar-Ordu birliyinin nümayişi - TƏHLİL

Prezident İlham Əliyev: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər Paradıdır. Bu, tarixi hadisədir”

Qürur və fəxr olunacaq 10 dekabr Zəfər Paradının keçirilməsindən bir il ötür. Zəfər Paradı 30 il işğal altında olan torpaqlarımızın 44 gün ərzində Ali Baş Komandanımız, Prezident İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığının, xalqımızın birliyi və həmrəliyinin Zəfər qələbsinin Azadlıq meydanında nümayişidir. Bu paradın həsrətini düz 30 il idi ki, gözləyirdik. Və sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsində 5 şəhərimizi Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad etdik, Azərbaycanın müzəffər ordusu 5 min kvadrat kilometr ərazisini isə döyüş meydanında heç bir güllə atmadan, şəhid vermədən siyasi meydandakı qələbəsilə qaytartdı. Bu böyük qələbəmizdir. 10 dekabr Zəfər Paradı müqədəs torpağımızın həsrətinə son qoyulduğu Zəfərin dünyaya nümayiş ediləcək paradı oldu. Bu parad torpaqlarımızın işğaldan azad olunmasında hərbi texnikamızın, həmin torpaqlarda dalğalanan üç rəngli Bayraqlarımızın nümayiş olunduğu, intizarında və həsrətində olacağımız Qarabağ Azərbaycandıra! NİDA qoyulduğu Böyük qələbənin Böyük Zəfər paradıdır!

Doğrudur, Azadlıq meydanında çox paradlar keçirilib. Ancaq 10 dekabrda keçirilən Qələbə Paradı Vətən Müharibəsinində Azərbaycanın qalib olduğunu göstərməklə yanaşı regionun lider ölkəsi olduğunu təsdiq etməsidir. "Dəmir yumruğa" çevrilən 44 günlük Vətən Müharibəsinin ZƏFƏR PARADININ keçirilməsi özü haqqında «məğlubedilməzlik» sindromu yaradan Ermənistan silahlı qüvvələrinin qısa müddət ərzində məhz Azərbaycan Ordusu tərəfindən darmadağın edildiyinin təsdiqidir. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.

“HƏR KƏS GÜCÜMÜZÜ, QÜDRƏTİMİZİ, İRADƏMİZİ GÖRDÜ”

Bu gün Azərbaycan xalqı böyük sevinci yaşayır. 30 il torpaq, yurd həsrəti çəkən və “qaçqın, köçkün” adından qurtulduğu sevincini yaşayır. 10 dekabrda keçirilənk Qələbə Paradı bir daha göstərdi ki, Güclü Lideri, Müzəffər Ordusu, rəşadətli əsgər və zabitləri, Xalq-İqtidar birliyi olan Azərbaycan ancaq və ancaq belə bir sevinc keçirməyə layiqdir! Dövlətimizin başçısı İlham Əliyevin Laçının azad edilməsi ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, hər kəs gücümüzü, qüdrətimizi, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. İradəmiz də, təcrübəmiz də var: "İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!".

Bəli, bu Qələbə eyni zamanda, göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri, hər kəs bir arzu ilə yaşayıb və bu arzu həyata keçirildi. Artıq müharibə arxada qaldı. Zəfər tarixini yazan Azərbaycan hərb tarixinə yenilik kimi daxil olan strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə az itkilər verərək qısa müddətdə düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Ermənistan ordusu yoxdur, məhv edilib. Ermənistan ordusu onilliklər ərzində yaradılırdı və onlara hərbi texnika pulsuz verilirdi. Bu məqam 44 günlük müharibə dövründə bir daha aydın özünü göstərdi.

ZƏFƏR PARADI DÜNYAYA SÜBUT ETDİ Kİ, ÖZÜNÜN POZULMUŞ HÜQUQLARINI ÖZÜ BƏRPA ETMƏK İQTİDARINDADIR

Azərbaycan son 200 illik tarixində itirdiyi torpaqlarını qaytara bilmədiyi bir halda, Prezident, Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, uzaq görən siyasəti, vətəninə və torpağına olan böyük məhəbbəti, Güclü Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti ilə torpaqlarımız işğaldan azad edildi. Bu Azərbaycanın tarixi, parlaq qələbəsidir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Və sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub. Siyasi meydanında işğalçı düşməni layiq olduğu yerini göstərməklə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və bu gün Prezidentin imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamları əsasında hər il 8 noyabrda Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edildi. Bu tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Və bu gün qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Qürur duyuruq ki, uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi. O dəmir yumruq ki, düşmənin başından vurmaqla belini qırdı.

ZƏFƏR PARADI AZƏRBAYCAN-TÜRKİYƏ, BİR MİLLƏT, İKİ DÖVLƏT QARDAŞLIĞIMIZIN GÖSTƏRİCİSİ OLDU

Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vaxı ilə demişdi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”. Zəfər paradı azərbaycan-türkiyə, bir millət, iki dövlət qardaşlığımızın göstəricisi oldu.

Azərbaycan Prezidenti İlham Əliyev 10 dekabrda keçirilən parada çıxışı zamanı bir daha Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin olduğunu söylədi: "Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir. Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Paradında çıxış zamanı bildirib ki, bu Zəfər Gününüzdə sizlərlə birlikdə olmaqdan böyük məmnunluq duyuruq: "Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır. Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır. Bu gün Azərbaycanın mili şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür".

Bəli, bu gün Türkiyə və Azərbaycan həmişə bir olub, bundan sonra da bir olacaq. Dövlət başçımızın dediyi kimi: "Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk".

ZƏFƏR PARADI BÖYÜK QƏLƏBƏMİZİN NİDASIDIR

Bəli, haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidasıdır. Bu, Müzəffər Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır və nida” əminliyinin məntiqi nəticəsidir. Bu parad İkinci Qarabağ müharibəsi adını almış 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbənin nümayişidir. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq. Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Nəhayət gözlənilən gün - o böyük gün gəldi. Dekabrın 10-da İkinci Vətən Müharibəsinin qələbə paradı keçirildi. Meydana Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarda dalğalandırdığı bayraqlarımız gətirildi. Və bu Qələbə Parad Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılacaq! Qarabağ Azərbaycandır!.

Bizə bu Qələbəni yaşadan müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq! QƏLƏBƏ PARADIMIZ MÜBARƏK OLSUN!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...