"BMT tarixi missiyasını yerinə yetirməkdə acizlik göstərir" POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan prezidenti BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisini qəbul edərkən söylədiyi nitqdə bir çox mesajlar verib". Bunu SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov deyib.

Onun sözlərinə görə, ilk öncə Azərbaycan prezidenti bəzi məqamlarda sətir arası, bəzi məqamlarda isə açıq-aşkar BMT-nin ünvanına söylədiyi iradlar onu göstərir ki, bu təşkilat beynəlxalq miqyasda ən mötəbər təşkilat olmasına baxmayaraq, təəssüflər olsun ki, özünün tarixi missiyasını yerinə yetirməkdə acizlik göstərir: "Azərbaycan prezidentinin ilk mesajı məhz bu idi ki, BMT gərək hər zaman qətiyyətli çıxış etsin. Xüsusilə də BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həllinə mandat verdiyi həmsədrlərin BMT-nin öz qərarlarına və həmin həmsədrlərin özlərinin birbaşa imzası ilə qəbul olunan qətnamələrə etinasız yanaşması və onların icrası üçün təcavüzkar ölkəyə heç bir təzyiq göstərməməsini Azərbaycan prezidentini növbəti dəfə rezident əlaqələndiricisi ilə görüşü zamanı dilə gətirməsi ondan xəbər verdi ki, Azərbaycan prezidenti də BMT-də artıq çoxdan tarixi və struktur islahatları başlanmasına özünün xeyir-duasını verdi. Bir növ bunun özü də mesajdır ki, əgər dünyanın ən mötəbər beynəlxalq təşkilatı öz qətnamələrinə hörmətlə yanaşmırsa və qətiyyətli davranış sərgiləmirsə, deməli, bu, təşkilatın özünün günahıdır. Həqiqətən görülür ki, təşkilatda islahatların aparılmasına ehtiyac var. Düşünürəm ki, Azərbaycan prezidenti məhz sətirarası bu mesajı verdi. Nəzərə alsaq ki, Azərbaycan prezidenti və eyni zamanda, Azərbaycanın vətən müharibəsi qələbəsində ölkəmizə mənəvi siyasi dəstək göstərmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da artıq dəfələrlə bu məsələləri gündəmə gətirməsi yəqin ki, təsadüfi deyildi. Azərbaycan prezidenti bir daha vurğuladı ki, əgər BMT öz qətnamələrini yerinə yetirilməsi müstəvisində heç bir siyasi iradə sərgiləmirsə, bu və ya digər dövlət, həmçinin Azərbaycan son nəticə də hərbi gücə əl atıb öz problemlərini həll etmək iqtidarındadır. Yəqin ki, BMT artıq müəyyən nəticələr çıxaracaq. Bu, yalnız Azərbaycan prezidentinin iradı deyil, bu iradlar artıq dəfələrlə BMT-yə tutulub. Təəssüflər olsun ki, BMT-də təmsil olunan Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasında konkret olaraq çəkişmələrin və ümumiyyətlə, bir sıra hallarda çox şübhəli qətiyyətlilik nümayiş etdirməsi və digər məqamlarda isə astagəlliyi müəmmalardan xəbər verir. Azərbaycan prezidentinin əsas mesajı və əsas iradları bu idi.

İkinci bir tərəfdən Azərbaycan prezidentinin həm də BMT-nin bir təşkilatı olan UNESKO ilə bağlı tutduğu iradıdır. Əlbəttə ki, cənab Prezident çox haqlıdır. 30 il müddətində Azərbaycanın tarixi, dini və mənəvi irsinin vandallıqla üzləşməsi və ümumiyyətlə, ermənilər tərəfindən etnosluğa məruz qalması UNESKO-nu narahat etmirdi, amma Qarabağda olan bir kilsə ilə bağlı Azərbaycan tərəfinin guya haqsız hərəkətləri bəhanəsi və ya uydurması ətrafında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində xristian tarixi və dini abidələrinin guya təhlükənin yaranması konteksində narahatlıq hiss etməsi gülünc və ikrah doğurur. Çünki UNESKO əgər öz tarixi, siyasi mədəni missiyasına sadiqdirsə, selektiv yanaşma yox, konkret olaraq istənilən halda ümumi yanaşma olmalıdır. Hər bir ölkə üçün eyni yanaşma olmalıdır. Özü də Azərbaycanın tarixi ərazilərində indiyədək heç bir xristian və yaxud da digər dini konfesiyalarına aid olan abidələrə hörmətsizlik göstərilməyib. Azərbaycan bu baxımdan dünyada nadir dövlətlərdən biridir. UNESKO illərdir ki, Azərbaycanın mədəni və dini abidələrimizə qarşı apardığı etnos siyasətini də vurğulamalıyam. Azərbaycan prezidenti bu məsələləri təsadüfi qabartmayıb. Təəssüflər olsun ki, Azərbaycan tərəfi dəfələrlə UNESKO-nun nümayəndə heyətinin həmin ərazilərə səfərini təklif etsə də, onlar nədənsə tam başqa hava çalmaqla məşğul idilər. Məsələ burasındadır ki, Azərbaycanın haqlı işi həmişə həqiqətdə öz əksini və təsdiqini tapacaq. BMT və UNESKO nəticə çıxarmalıdırlar. Təəssüflər olsun, mən inanmıram nəticə çıxaracaqlar. Çünki selektiv yanaşma hələ də davam edir.
Azərbaycan prezidenti bu baxımdan mesaj ünvanladı ki, BMT daxilində islahatlar aparılmalıdır. Bəlkə, bundan sonra yaradılacaq yeni beynəlxalq qurum bu məsələdə BMT-nin səhv addımlarından dərs alacaq və beynəlxalq hüquqa söykənən əsl siyasət kursunu götürəcək".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...