Ombudsmanın Uşaq hüquqları üzrə ixtisaslaşmış ilk məruzəsi ENOC-un İnternet səhifəsində yerləşdirilib

Ombudsmanın Uşaq hüquqları üzrə ixtisaslaşmış ilk məruzəsi ENOC-un İnternet səhifəsində yerləşdirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın uşaq hüquqlarının müdafiəsi və təmini sahəsində həyata keçirdiyi geniş fəaliyyətin ümumiləşdirilməsinə əsaslanan Uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsi hazırlanıb. SİA-nın xəbərinə görə, BMT-nin Uşaq Hüquqları Bəyannaməsinin 50 illiyinə və Uşaq Hüquqları Konvensiyasının 20 illiyinə həsr olunmuş məruzənin əsas məqsədi ölkəmizdə uşaq hüquqlarına dair həyata keçirilən dövlət siyasəti, uşaq hüquqlarının təmini vəziyyətinin qiymətləndirilməsi, bu hüquqlarla bağlı beynəlxalq və milli qanunvericiliyin, habelə həlli vacib problemlərin təhlil edilməsi, Müvəkkilin bu hüquqların müdafiəsi və təmini, pozulmuş hüquqların bərpası istiqamətində gördüyü işlər, həyata keçirilmiş tədbirlər haqqında məlumatların verilməsindən ibarətdir.

Məruzədə Ombudsmanın uşaq hüquqlarının etibarlı müdafiəsinə və uşaqların fundamental problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələri geniş yer alıb. Uşaqların vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı həmin təklif və tövsiyələr müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə, Nazirlər Kabinetinə, aidiyyəti nazirliklərə, komitələrə və digər səlahiyyətli orqanlara təqdim edilib. Məruzə YUNİSEF-in dəstəyi ilə ingilis dilinə tərcümə edilib və nəşr olunaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə, Avropa Şurasına, Avropa Uşaq Ombudsmanları Şəbəkəsinə (ENOC), Eurochild, YUNİSEF və Save the Children təşkilatının Azərbaycandakı nümayəndəliklərinə göndərilib.

Uşaq hüquqlarının müdafiəsində xidmətləri və müntəzəm səmərəli fəaliyyəti nəzərə alınaraq, Azərbaycan Ombudsmanı ENOC-a üzv seçilib və Avropa Uşaq Ombudsmanları ilə əməkdaşlıq edir, fikir və təcrübə mübadiləsi aparır. O, ENOC-un tədbirlərində uşaqlar arasında sülh mədəniyyətinin aşılanması, sülh prosesində onların fəal iştirakının prioritetlər sırasına daxil edilməsi, müxtəlif ölkələrin uşaq təşkilatlarının əməkdaşlığının zəruriliyi ilə bağlı təkliflər verib. Avropa uşaq təşkilatları şəbəkəsinin yaradılması da ötən il ENOC-un Parisdə keçirilmiş konfransında Azərbaycan Ombudsmanı tərəfindən tövsiyə olunmuş və bu Şəbəkə tərəfindən qəbul edilib. Bunun nəticəsi kimi, ENYA layihəsi və onun tərkib hissəsi olan Elektron Forumu yaradılıb. Azərbaycan Ombudsmanının uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri də bu layihədə fəal iştirak ediblər. Ombudsmanın Uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsi ENOC-un İnternet səhifəsində yerləşdirilmiş və həmin Şəbəkənin İnformasiya bülleteninin 2011-ci il mart-aprel buraxılışında bununla bağlı ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə