Qabil Hüseynli: “ATƏT sədri səlahiyyətlərindən istifadə edib Ermənistanın təcavüzkar status almasına nail ola bilər”
Xəbər verildiyi kimi, ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis Azərbaycanda səfərdədir. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik edən Minsk qrupu ATƏT-in tərkibində olsa da bir çox ekspertlər hesab edir ki, münaqişənin həllində qurum sədri mühüm rol oynamır. Politoloq Qabil Hüseynlinin fikrincə isə ATƏT sədrinin səlahiyyətləri heç də az deyil. SİA-ya açıqlamasında siyasi ekspert bildirib ki, ATƏT sədri ya yazılı, ya da birbaşa görüşlə qurum üzvlərinin hər birinə Dağlıq Qarabağ həqiqətlərini çatdıra bilər.
Münaqişə ilə bağlı real həqiqətlərin bir qisminin BMT Təhlükəsizlik Şurasının 4, Baş Məclisin 1 qətnaməsində qismən öz əksini tapdığını deyən Q.Hüseynli bildirib ki, qurumun monitorinq qrupu, faktaraşdırıcı missiyası fəaliyyət göstərir: "Faktaraşdırıcı missiyanın hesabatı ilə ATƏT-in sədri tanış olur. Azərbaycan torpaqlarının işğala məruz qalması, bu işğal nəticəsində ölkəyə 30 milyard dollardan artıq zərər dəyməsi, 1 milyon insanın yurd-yuvasından didərgin düşməsi, fauna və floraya ciddi zərər dəydiyi, maddi-mədəniyyət nümunələrinin məhv edildiyi, təbiətə külli miqdarda ziyan vurulması bəllidir. Belə olan halda ATƏT sədri bütün bunları qurumun zirvə toplantısında qaldıra və bu məsələləri qurum üzvlərinin diqqətinə çatdıra bilər. Təbii ki, obyektivlik gözlənilərsə. Bu da nəticə etibarilə o deməkdir ki, ATƏT sədri prosesə obyektiv yanaşıb Ermənistanın təcavüzkar, Azərbaycanın isə təcavüzə məruz qalan ölkələr statusunu müəyyənləşdirə, bununla da danışıqlar prosesinə inqilabi dəyişiklik gətirə bilər".
Politoloqun fikrincə, ATƏT-in prosesə obyektiv yanaşması Azərbaycanın mövqeyini gücləndirə bilər: "Azərbaycanın ərazi bütövlüyünün bərpası və bu bölgədə beynəlxalq hüququn tətbiqi xeyli asanlaşar. Nizamlama prosesi yeni istiqamət ala bilər. Ancaq bu bir qədər xəyala bənzəyir. Hər halda özünə hörmət edən hər bir təşkilat obyektiv olmağa borcludur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB