Gənclər “11 mart Böyük Xalq Günü” kampaniyasına öz etirazlarını bildirdilər-SORĞU

Gənclər “11 mart Böyük Xalq Günü” kampaniyasına öz etirazlarını bildirdilər-SORĞU
Xəbər verdiyimiz kimi, son günlər "Facebook" sosial şəbəkəsində "11 mart Böyük Xalq Günü" adı altında kampaniyaya start verilib və gəncləri ölkədə iğtişaşlara səsləyirlər. Bunun əksinə olaraq kampaniyanın nəticələrinin gənclər arasında xoşagəlməz fəsadlar törədəcəyini, Azərbaycanımızın stabilliyini və əldə olunmuş uğurlarını təhlükə altına alacağını düşünən bir qrup gənc "Facebook" sosial şəbəkəsində "İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək" – "11 Mart Böyük Xalq Gününə" etiraz kampaniyası başlayıblar. Bəs görəsən, ölkədəki gənclərin bu məsələyə münasibəti necədir? Ümumiyyətlə, bu kampaniyanın baş tutması nə dərəcədə realdır və ölkədə hansı dəyişikliklərə səbəb ola bilər? SİA olaraq, bu və ya digər suallara aydınlıq gətirmək üçün gənclərin fikirlərini öyrəndik.

Ülkər Nəbiyeva

- Mən şəxsən bu kampaniyanı qəbul etmirəm və orada iştirak etməyəcəm. Bu kampaniyaya qoşulan gənclərin də çoxu nə məqsədlə qoşulduğunu belə bilmir. Mən belə kampaniyaların keçirilməsinə və gənclərin iğtişaşlara yönəldilməsinə qarşıyam. Əgər gəncin nədənsə şikayəti varsa, bunu həmin şikayət üzrə məsul quruma müraciət etsin və həll etməyə çalışsın. Məncə hansısa iğtişaşa ehtiyac yoxdur. Kampaniya baş tuta bilər, yəni bir qrup gənc toplaşıb aksiya keçirə biləcək, amma onların nəyə nail olacaqlarını hadisələrin sonrakı gedişatı və aksiyanın necə təşkil olunması göstərəcək. Şəxsən mən bu addımın ölkədə nəyisə dəyişəcəyinə inanmıram və bu aksiyanın da düşünülmüş və planlaşdırılmış bir hadisənin tərkib hissəsi kimi qəbul edirəm.

Sevinc İsgəndərova

- Məncə dövlətlə dövlətçilik etmək özü ən böyük uğursuzluqdur. Mən gənclərin belə aksiyalara qoşulmasının tərəfdarı deyiləm. Ümumiyyətlə, mənə elə gəlir ki, aksiya kiməsə zərər verəcəksə, bu olmasa yaxşıdı. Xoşməramlı aksiyalar isə nə qədər çox olsa, bir o qədər yaxşıdı. İnsanları kütləvi şəkildə qızışdırıb küçələrə çağırmağın özü belə yersiz hərəkətdir.

Günay Bünyadzadə

- Ölkədə baş verən iğtişaşlar heç vaxt ölkənin xeyrinə təsir etmir. Bizim gənclərin 11 mart tarixində planlaşdırdığı aksiya isə ölkənin xeyrinə xidmət edə bilməz. Ən azından bu aksiya baş tutsa belə, ölkədə heç bir dəyişikliyə səbəb ola bilməz. Bunların hamısı lazımsız və boş çağırışlardır.

Türkan Məmmədli

- Mənim fikrimcə kampaniya baş tutmayacaq. Biz qayda-qanunlara riayət edən xalqıq. İnanmıram ki, bu baş tutsun. Amma tutsa da bu elə də böyük dəyişikliyə səbəb olmayacaq. Azərbaycan xalqının başında yüksək və öz işinin peşəkərı olan insanlar dayanıb ki, biz gənclər onlardan çox bilmirik. Mənim fikrimcə, belə siyasi məsələlərə qarışmaq bizə düşməz. Hər ehtimala qarşı bu gün bir az diqqətli olmaq lazımdır.

Aidə Quluzadə

- Məncə bu boş bir şeydir. Bizim gənclərimiz bu iğtişaşa qoşulmayacaqlar. İğtişaş ancaq ictimai asayişi pozacaq. Bundan başqa heç bir dəyişiklik olmayacaq.

Arifə Mikayılova

- Gənclərin toplaşmaq hüququnu normal qarşılayıram, əgər bu ölkənin təbliğinə, gənclərin inikişafına yönəlirsə. Əks halda aksiyalar dağıdıcı xarakter daşıyırsa, bunun əleyhinəyən və bütün gəncləri də bu yoldan çəkinməyə çağırıram.

Seymur Kazımov

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin sərbəst toplaşmaq hüququ var. Belə ki, sərbəst toplaşmaq hər kəsin konstitusion hüququdur.

Bütün xəbərlər Facebook səhifəmizdə