Pakistanı geosiyasi güc edən amillər... AÇIQLAMA

Pakistanı dünyada əsas geosiyasi güc edən nədir?

"Pakistan nüvə dövlətidir. Nüvə potensialı bu ölkəni dünyanın ən əsas geosiyasi güclərindən birinə çevirir. Pakistanın ənənəvi olaraq Türkiyə və Azərbaycanla yaxın münasibətləri, tarixi əlaqələri olub. Bu ölkənin Azərbaycana hərtərəfli dəstək göstərməsində sadalanan amillər də rol oynayır". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Pakistan İslam ölkələri arasında yeganə nüvə dövlətidir və bu, ona sözügedən ölkələr arasında öncül sırada dayanmaq imkanı yaradır: "Nüvə potensialı bu dövlətin geosiyasi faktor, oyunçu kimi önə çıxmasına imkan yaradır. Təbii ki, burada siyasi iradə də mühüm əhəmiyyət kəsb edir. Pakistan rəhbərliyi böyük siyasi iradəyə sahibdir. Bu da həm İslam dünyasında, həm də ölkənin mövcud olduğu regionda özünü göstərir".

Ərəb dövlətlərinin heç bir məsələdə mövqeləri üst-üstə düşmür...

Politoloq bildirib ki, təəssüf ki, bir sıra İslam dövlətlərinin bütövlükdə dünyada baş verən proseslərə münasibətləri birmənalı deyil: "Onlar ayrı-ayrı müsəlman dövlətləri ilə həmrəylik nümayiş etdirmirlər. Hətta bir çox hallarda qarşılıqlı ittihamlarla çıxış edib, bir-birlərinin beynəlxalq arenadakı fəaliyyətlərinə ciddi maneə yaratmağa çalışırlar. Bu sırada ərəb dövlətlərini xüsusi olaraq qeyd etmək istəyirəm. Ərəb dövlətlərinin bir-birnə qarşı olan münasibətlərinə diqqət yetirəndə, heç bir məsələdə onların mövqelərinin üst-üstə düşmədiyini görmək olar. Bu gün beynəxlaq miqyasda, hətta qeyri-ərəb İslam dövlətləri üçün bir sıra problemlərin yaradılmasında ərəb dövlətlərinin "xidmətləri" var. Onlar neqativ siyasət yürüdür, din amilindən siyasi məqsədlər üçün istifadə edir, bir çox hallarda radikal qrupları dəstəkləyirlər və s."

İƏT-in Sammitində bəzi müsəlman dövlətlərinin manevr etmək imkanı məhdud olub...

E.Mirzəbəyli vurğulayıb ki, təfəkkür tərzi feodal dövründən qalan bir sıra ərəb dövlətlərindən hadisələrə fundamental bir münasibət gözləmək olmaz: "Bəziləri, hətta erməni amilini qabartmağa çalışaraq, bundan sui-istifadə etmək məqsədi güdürlər. Bu baxımdan əgər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Sammitində Azərbaycanın maraqlarına uyğun, ədalətli qərarlar qəbul olunursa, bu, çoxluğun iradəsini əks etdirir. Həmin situasiyada bəzi müsəlman dövlətlərinin manevr etmək imkanı məhdud olduğu üçün, onlar ortalığa mövqe qoymaq məcburiyyətində qalırlar. Təəssüflər olsun ki, bir çox hallarda bu mövqelərin arxasında ciddi məqamlar dayanmır. Pakistan isə bütün parametrlərə görə, Azərbaycanla həqiqi müttəfiqdir. Bu ölkə Azərbaycana istənilən dəstəyi verəcəyini bəyan edir, Ertmənistanla heç bir dilomatik və iqtisadi əlaqələri yoxdur. Pakistan dolayı yolla da Ermənistanla iqtisadi əlaqələr saxlamır. Sözügedən ölkə birmənalı mövqeyə sahibdir. Pakistanın mövqeyi haqqın, ədalətin qorunması, beynəlxalq hüququn müdafiəsi baxımından bir çox müsəlman dövlətlərinə nümunə ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə