YAP rəsmisi: “Erməni turistlər hansısa fondun sifarişini yerinə yetirirlər" AÇIQLAMA

"Ermənistandan olan turistlər Türkiyəyə istirahətə gəlməyi xoşlayırlar". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Türkiyənin Qars şəhərinə səfər etmiş bir dəstə erməni turistin şəhərin tarixi qalasında erməni bayrağını açaraq şəkil çəkdirməsinə və Ermənistanın himnini oxumasına münasibət bildirərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, qardaş ölkənin tursit industriyası dünyada ən yüksək qiymətə malikdir. Buna görədir ki, öz ölkələrində normal istirahət və müalicə ocaqları tapa bilməyən ermənilər də ilk növbədə Türkiyəyə üz tuturlar: "Bir qismi öz puluna gəlir, bir qismi isə hansısa bir fondun pulu ilə həm istirahətə və onun sifarişini yerinə yetirməyə tələsir. Sifariş isə Qars qalasında şəkil şəkdirmək üçün bir anlıq Ermənistan bayrağı qaldırmaq və onu tez mətbuata ötürməkdən ibarət olur. İnanmıram ki, Ermənistan turistləri orada himn oxuyub, şüarlar söyləyə bilərdilər. Bunun qarşısı yerindəcə alınardı. Şəkil çəkdirib sonradan redaksiyada geniş şəkilaltı mətn yazmaq isə çətin iş deyil.

Bir də Ermənistandan gələn turistlərin ən sevimli məşğuliyyətləri Ermənistan nömrəli avtomobillə Azərbaycanın Qarsdakı baş konsulluğunun möhtəşəm binası qarşısındakı küçədən sürüb keçməkdir.

Qars qalası üzərində bir anlığa bayraq qaldırmaq, hansısa bir ölkənin nümayəndəliyi qarşısından avtomobillə keçmək Ermənistan təbliğatçılarının üstünlük verdikləri metodlardır. Ancaq tarix belə qeyri-ciddi addımlarla deyil, real siyasət nəticəsində yazılır. Türkiyə və Azərbaycan bu gün dünyada yüksək nüfuza malik dövlətlər sırasındadırlar, iqtisadiyyatları güclənir, mədəniyyətləri təbliğ edilir. Hər iki ölkənin güclü ordusu, kəsərli xarici siyasəti, fəzada kosmik peykləri, çoxsaylı dostları vardır.

Ermənistan isə bütün bunlardan məhrumdur. Başqasının torpaqlarına iddia edən, tarixi saxtalaşdıranlar, kiminsə "for-post"u rolunu oynayanlar heç zaman uğur qazana bilməzlər. Onlara qalan bayraq qaldırıb şəkil çəkdirmək, hansısa ölkənin konsulluğu qarşısından maşınla sürətlə keçmək "qəhrəmanlığıdır"".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...