Azərbaycan-İsveçrə birgə komissiyasının 5-ci iclası keçirilib

Bu gün Bakıda ticarət və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İsveçrə birgə komissiyasının 5-ci iclası keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Şahin Mustafayevin sədrlik etdiyi komissiyaya Xarici İşlər, Maliyyə, Ədliyyə, Vergilər nazirlikləri, Mərkəzi Bank, "Meliorasiya və Su Təsərrüfatı" ASC, "Azərsu" ASC-nin, Azərbaycanın İsveçrədəki səfirliyinin yüksək vəzifəli rəsmiləri daxil idi. İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (State Secretariat for Economic Affairs - SECO) İdarə Heyətinin üzvü, səfir Erik Martinin rəhbərlik etdiyi komissiyada isə müvafiq dövlət qurumlarının nümayəndələri təmsil olunub.

İclasda çıxış edən iqtisadi inkişaf naziri Ş.Mustafayev Avropanın inkişaf etmiş ölkələrindən olan İsveçrə ilə Azərbaycanın əlaqələrinin uğurla inkişaf etdiyini bildirib. Qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi bu ilin yanvar-oktyabr aylarında 39% artıb. Bununla belə, iki ölkə arasında ticarət dövriyyəsinin daha da genişləndirilməsi üçün imkanlar mövcuddur. Nazir bunun üçün biznes-forum, sərgilər və digər tədbirlərin keçirilməsini məqsədəuyğun hesab edib. Ş.Mustafayev deyib ki, İsveçrə şirkətləri tərəfindən 1995-2010-cu illərdə Azərbaycanın qeyri-neft sektoruna 61 mln. dollar həcmində investisiya yatırılıb: "Bu şirkət Azərbaycan İnvestisiya Şirkəti ilə birgə Qaradağ Sement Zavodunda ümumi dəyəri 300 mln. avro olan yeni sobanın inşası layihəsini həyata keçirir. Sobanın 2012-ci ilin may ayında istismara verilməsi gözlənilir". Nazirin sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də SECO ilə əməkdaşlıqdır. SECO regional layihələr də daxil olmaqla Azərbaycanda bu günə kimi 25 layihə həyata keçirib, 12 layihənin icrası isə davam etdirilir. SECO İdarə Heyətinin üzvü, səfir E.Martin İsveçrənin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb. O, İsveçrə iqtisadiyyatının mövcud vəziyyəti və beynəlxalq əlaqələri haqqında məlumat verib.

Sonda iki ölkə arasında hökumətlərarası komissiyanın 5-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İdarə Heyətinin üzvü, səfir E.Martin imzalayıb. Protokolda sənaye və energetika, ticarət, investisiya qoyuluşu, kənd təsərrüfatı, bank işi və maliyyə, mədəniyyət, turizm və digər sahələrdə iki ölkənin əməkdaşlığının genişləndirilməsi niyyəti ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə