"Hindistan Azərbaycanla münasibətlərini mövcud reallıqlara uyğunlaşdırmağa çalışır" - POLİTOLOQ DANIŞDI

"Hindistan Azərbaycanla münasibətlərini mövcud reallıqlara uyğunlaşdırmağa çalışır" - POLİTOLOQ DANIŞDI

"Azərbaycanla Hindistan arasında münasibətlərdə yaranan gərginlik, təbii ki, Hindistanın Ermənistana siyasi və hərbi dəstək verməsi ilə bağlı idi. Hindistan bu siyasəti nəticəsində Azərbaycana qarşı mövqe nümayiş etdirirdi. Halbuki beynəlxalq hüquq baxımından Hindistanın Azərbaycanla bağlı belə bir mövqe sərgiləməsi üçün əsas yox idi".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan siyasət yürüdür. Hindistan isə Azərbaycana qarşı qeyri-konstruktiv siyasət həyata keçirirdi.

Bu gün Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizindən Hindistan da gələcəkdə istifadə edə bilər. Eyni zamanda, Hindistan Orta Dəhlizin əhəmiyyətini və mövcud reallıqları nəzərə alaraq Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa çalışır.

Hindistan Qlobal Cənubun mühüm iştirakçılarından biridir, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunur. Göründüyü kimi, Azərbaycanla Hindistan arasında beynəlxalq təşkilatlar və regional platformalar çərçivəsində əməkdaşlıq imkanları mövcuddur. İndi əsas məsələ bu imkanları ikitərəfli münasibətlər müstəvisində də reallaşdırmaqdır.

Əməkdaşlığın turizm, rəqəmsallaşma, müasir texnologiyalar və növbəti mərhələdə hərbi-texniki sahələrdə inkişaf etdirilməsi mümkündür. Hindistan Asiyanın böyük dövlətlərindən biridir və inkişaf edən iqtisadiyyata malikdir. Hesab edirəm ki, Azərbaycanla Hindistan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması ölkəmizin xarici siyasət maraqlarına və strateji hədəflərinə uyğundur.

Düşünürəm ki, Hindistan Xarici İşlər Nazirliyinin Azərbaycana səfəri də münasibətlərin normallaşması və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından növbəti mühüm addım ola bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə