"Prezidentin çıxışı Azərbaycanın güclü dövlət modelinin daha da möhkəmləndirilməsinə yönəlib" - ŞƏRH EDİLDİ

"Prezidentin çıxışı Azərbaycanın güclü dövlət modelinin daha da möhkəmləndirilməsinə yönəlib" - ŞƏRH EDİLDİ

"Prezidentimizin qurultaydakı çıxışında Azərbaycanın milli təhlükəsizlik konsepsiyası, ideoloji doktrinası, yaxın dövrün hərbi-siyasi tarixinin bəzi məsələləri, ölkənin müstəqil və iradəli xarici siyasət kursu, ölkə daxilinə xaricdən müdaxilə cəhdlərinin qarşısının alınması, beynəlxalq təşkilatlarda və platformalarda təmsilçilik və digər məsələlərlə bağlı maraqlı fikirlər və təhlil olunmalı ideyalar səsləndirildi. Hesab edirəm ki, bu məsələlərin hər birinin ayrıca təhlil edilməsi müəyyən mərhələdə Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının və ideoloji doktrinasının formalaşdırılması və sistemləşdirilməsi baxımından mühüm rol oynaya bilər".

Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, ilk növbədə, Azərbaycanın xüsusilə dəyişkən beynəlxalq şəraitdə öz gücünü hərtərəfli artırmasının zəruriliyi Prezident tərəfindən əsaslandırıldı. Dünya siyasətində güc amilinin əhəmiyyətinin artdığı bir şəraitdə Azərbaycanın ən etibarlı təminatlarından biri özünün siyasi, iqtisadi və hərbi imkanlarını gücləndirməsidir. Bu baxımdan hərbi büdcənin davamlı şəkildə artırılmasının zəruriliyi ilə bağlı səsləndirilən fikirlər xüsusi əhəmiyyət daşıyır:

"Prezidentin çıxışında Azərbaycanın müstəqil xarici siyasətinin ölkənin təhlükəsizliyinin təmin olunmasında oynadığı rol da diqqətə çatdırıldı. Müstəqil xarici siyasət ölkəyə müxtəlif siyasi bloklara qoşulmadan öz milli maraqlarına uyğun qərarlar qəbul etmək, mümkün təzyiqlərdən və qarşıdurmalardan yayınmaq, eyni zamanda diplomatik manevr imkanlarını genişləndirmək şəraiti yaradır. Bu baxımdan Azərbaycanın hərbi-siyasi bloklara qoşulmamaq siyasətinin davam etdirilməsi ilə bağlı mövqenin bir daha ifadə olunması mühüm məsələdir.

Digər tərəfdən, ölkənin yeni xarici iqtisadi strategiyasının formalaşdırılmasının zəruriliyi və onun əsas istiqamətləri ilə bağlı fikirlər də diqqət çəkdi. Neft-qaz sektoruna ənənəvi yanaşma ilə yanaşı, qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunmasının yeni strateji mərhələ kimi nəzərdən keçirilməsi xüsusi əhəmiyyət daşıyır. İqtisadiyyatın yalnız neft və qaz amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sahəyə xarici investisiyaların yönəldilməsi iqtisadi şaxələndirmə baxımından vacibdir. Prezidentin son dövrdə imzalanmış sazişlərin ölkənin qeyri-neft sektoruna əhəmiyyətli həcmdə investisiyaların cəlb edilməsinə imkan yaratması ilə bağlı səsləndirdiyi fikirlər də bu istiqamətdə diqqətəlayiqdir.

Çıxışda Azərbaycanın sülh prosesinə münasibəti və bu istiqamətdə müstəqil siyasətini davam etdirmək iradəsi də nümayiş etdirildi. Bununla yanaşı, gənc nəslin ideoloji baxımdan sağlam formalaşması və informasiya mühitinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səsləndirilən fikirlər də xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu yanaşmalar praktik müstəvidə nəzərə alındığı və sistemli şəkildə həyata keçirildiyi təqdirdə ölkənin gələcək inkişafı baxımından mühüm nəticələr verə bilər.

Prezident, eyni zamanda bütün sahələrdə köhnə yanaşmalardan, iş üsullarından və şablon standartlardan uzaqlaşmağın zəruriliyini bir daha vurğuladı. Yeni çağırışlara uyğun fəaliyyət mexanizmlərinin formalaşdırılması və onların sistemləşdirilməsi istiqamətində müvafiq qurumların qarşısında mühüm vəzifələr dayanır. Bu prosesdə Yeni Azərbaycan Partiyasının da təşəbbüskar və fəal mövqedə olması, yeni yanaşmaların formalaşdırılmasına və ictimai-siyasi proseslərin müasir tələblərə uyğun inkişafına öz töhfəsini verməsi vacibdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə