Müstəqillik tariximizin 44 günü TƏHLİL

Dünya tarxinin ən qədim dövlətlərindən olan Azərbaycan bu günə qədər tarixçilər, arxeoloqlar, araşdırmaçılar tərəfindən tədqiq olunur, öyrənilir. Gəlinən qənaət ondan ibarətdir ki, ilk insan məskənlərindən (1,5 milyon il bundan əvvəl bu ərazilərdə insanların yaşadığı sübuta yetirilib) və dövlətlərindən olan Azərbaycan dünya sivilizasiyasına mühüm töhfələr verən dövlətlərdəndir. Hələ antik dövrdə qədim yunan tarixçiləri Ptolemey, Arrian, Herodot, Strabon, Ammian Marsellin, Tassit və başqaları əsərlərində qədim Azərbaycanın əhalisi, əhalinin məşğuliyyəti, etnik tərkibi, burada baş verən siyasi hadisələr barədə geniş və ətraflı məlumatlar vermişlər. Qədim dövrdə Azərbaycan ərazisində mövcud olmuş Aratta, Lullubi, Kuti dövlət qurumlarının, eləcə də Manna, Atropatena, Albaniya kimi qüdrətli dövlətlərin dünyanın ilk türk dilli dövlətlərindən olmuş və Dəclə, Fərat çaylarının kəsişməsində yerləşmiş Şumerlərlə, eləcə də sonradan yaranan digər dövlətlərlə müəyyən sahələr üzrə geniş əlaqələri, əməkdaşlıq münasibətləri olub. Bütün bu kimi faktlar onu təsdiq edir ki, Azərbaycanın qədim dövlətçilik tarxi mövcuddur. Bu tarxi dünyanın istənilən elm mərkəzləri, təhsil ocaqları, tarixçilər, çoğrafiyaçıları, tədqitaçıları da təsdiq edir. Ona görə də, bu gün dünya xalqları Azərbaycanın dünəninə hörmət, bu gününə rəğbət mövqeyindən çıxış edərək Azərbaycan dövləti və xalqı ilə hərtərəfli münasibətlər qurmağa can atır. Azərbaycanın bugünkü nüfuzunun, hörmətinin səbəblərindən biri də 44 günlük Vətən Müharibəsində təpədən dırnağa qədər hər cür dağıdıcı silah, hərbi texnika ilə silahlanmış erməni terror maşınını məhv edərək 30 il işğal altında qalmış torpaqlarını azad etməsidir. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk saatlarında erməni ordusunun ön mövqeləri sıradan çıxarıldı. ABŞ-ın Müharibələri Araşdırma Mərkəzinin yaydığı yazılı mətnində qeyd edilir ki, Azərbaycan ordusu 45 dəqiqə ərzində Qarabağda üstünlyü tam şəkildə ələ aldı, 2 saat ərzində raket kompleksləri, hərəkət edən texnikasının 60 faizi sıradan çıxarılmışdı. ABŞ-ın Müharibələri Araşdıran Mərkəzinin məlumatında o da qeyd edilir ki, Azərbaycanın həyata keçirdiyi əməliyyatlar müasir dünya hərb tarixində misli görünməmiş unikal əməliyyat idi. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Azərbaycan Ordusunun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı, belə onun da heç bir şansı olmayacaqdı.

"Dəmir yumruq" əməliyyatı Ermənistanı ağ bayraq qaldırmağa məcbur etdi

"Dəmir yumruq" əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Təbii ki, qələbənin əsas təminatçısı xalq-ordu-hakimiyyət birliyidir. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Prezident İlham Əliyevin Sərkərdəlik məharətini, diplomatik bacarığını, siyasi qabiliyyətini yüksək qiymətlənidirib, Onun bütün fəaliyyətini dəstəkləyirdi. Prezident İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsi dövründə verilmiş müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu. Ürəkdən səslənən, xalqın hisslərini əks etdirən Prezident İlham Əliyevin hər bir sözü, hər bir fikri xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə, qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər.

Əsgər və zabitlərimiz qəhrəmanlıqları ilə yeni tarix yazdılar

Döyüşən ordunun əsgər və zabitlərimizin qəhrəmanlıqları Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək dəyərləndirildi. Onlar Prezident İlham Əliyevin Fərmanı ilə "Zəfər" və "Qarabağ" ordenləri, həmçinin "Vətən Müharibəsi Qəhrəmanı", "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları ilə təltif olundular.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edilmişdir Sərəncama əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Bakıda Vətən Müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı. 2024-cü il noyabrın 8-də kompleksdə Zəfər parkının açılış mərasimi keçirilib. Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.

Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır. Muzeydə Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək. Muzeydə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ümummilli Lider Heydər Əliyevin sovet dövründə və müstəqillik illərində bölgənin inkişafı və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirdiyi siyasətə dair materiallar əks olunacaq. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası, Vətən müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanacaq. Muzey ekspozisiyaları müxtəlif interaktiv təqdimatlarla müşayiət olunaraq ziyarətçilərə əyani və təsirli şəkildə təqdim ediləcək.Muzeyin konsepsiyası, burada yaradılacaq bölmələr həmçinin 44 günlük Vətən müharibəsindəki bəzi strateji əhəmiyyətli hərbi əməliyyatların interaktiv təqdimatı ziyarətçilərə Qarabağın tarixi, münaqişənin ilk günündən başlayaraq zəfərlə nəticələnən şanlı yol barədə dolğun təsəvvür formalaşdıracaq və bu tarixi prosesləri yenidən yaşamağa imkan verəcək. Muzeydə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini, bölgənin sürətli dirçəlişini əks etdirən xüsusi bölmə də təqdim olunacaq.

Müharibə qəhrəmanlarının və tarixinin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən ardıcıl bir sıra fərman və sərəncamlar imzalanmışdır. Sərəncamlara uyğun olaraq 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında Zəfər paradı keçirilmiş, 2021-ci il 12 aprel tarixində Hərbi Qənimətlər Parkının açılışı edilmiş, 17 min 267 ailəni sevindirən Zəfər Günü münasibətilə amnistiya elan edilmiş, Prezidentin 2024-cü il 19 sentyabr tarixli sərəncamına uyğun olaraq hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

Bəli, Azərbaycan 44 gün ərzin də heç bir dövlətin ələdə edə bilmədiyi tarixi qələbəyə imza atdı. Elə bir zəfərə, qələbəyə ki, yüz illər, min illər keçsə də hərb tarixində qalacaq və öyrəniləcək. Təbii ki, bu qələbənin əldə edilməsinə görə, şəhidlərimizə, qazilərimizə borcluyuq, ordunu qələbəyə aparan, xalqa qürur yaşadan Prezidentimiz, Ali Baş Komandan, Fateh Sərkərdə İlham Əliyevə minnətdarıq.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə