"Biz tezliklə bu prosesin növbəti mərhələlərinin də şahidi olacağıq" - ŞƏRH EDİLDİ

"Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu günlərdə işğaldan azad olunmuş Ağdam və Şuşa şəhərlərinə səfəri quruculuq, bərpa və yenidənqurma işləri baxımından çox önəmli hadisədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərin sıfırdan bərpası, ermənilər tərəfindən yerlə-yeksan edilmiş Azərbaycan ərazilərinin yenidən qurulması və bu istiqamətdə çox nəhəng meqa layihələrin həyata keçirilməsi hər bir Azərbaycan vətəndaşının xüsusi fəxri və qürur mənbəyidir: "Bu gün azad olunmuş ərazilərdə çox sürətlə bərpa işləri həyata keçirilir. Böyük infrastruktur layihələri reallaşdırılır. Sosial layihələr, insanların yaşayışı üçün evlər, komplekslər, sosial obyektlər, yollar və digər mühüm əhəmiyyətli obyektlər inşa edilir ki, bu da "Böyük Qayıdış" prosesini daha da sürətləndirir. Keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması təmin edilir. Bu baxımdan aparılan işlərlə vaxtaşırı Azərbaycan Prezidenti cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın yerindəcə tanış olmaları, yeni inşa olunmuş obyektlərin açılışlarında şəxsən iştirak etmələri, aparılan tikinti-quruculuq işlərinə nəzarəti yerindəcə həyata keçirmələri təqdirəlayiqdir. Bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu istiqamətdəki siyasi və qətiyyətli iradəsini görmüş oluruq.

Son günlərdə Ağdam və Şuşa şəhərlərində də bu tip tədbirlər həyata keçirildi. Yeni binalar, obyektlər açıldı, istifadəyə verildi. Eyni zamanda da Ağdamda Muğam Mərkəzində keçirilən görüş, təşkil edilən konsert, konsertdən sonra Prezidentin və Mehriban xanımın ağdamlılarla görüşü, səmimi anlar qürurvericidir. Hər bir keçmiş məcburi köçkün belə möhtəşəm tədbirlərdə iştirak etməklə, Prezident və xanımı ilə təmas, ünsiyyət qurmaqla buna xoş qarşılıq görməklə qürur və fəxr hissi keçirir. Bu proses davam edir. Azad olunmuş ərazilərin bərpası istiqamətində Azərbaycan dövlətinin konkret olaraq qarşıya qoyduğu hədəf və vəzifələr var. Bununla paralel olaraq həm də "Böyük Qayıdış" prosesi sürətlə davam edir. Biz tezliklə bu prosesin növbəti mərhələlərinin də şahidi olacağıq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə