"Kəlbəcər rayonu müasir tələblər səviyyəsində yenidən qurulur" - ŞƏRH EDİLDİ

"1992-ci ildə hakimiyyəti zəbt etmiş bədnam AXC-Müsavat hakimiyyətinin xəyanəti nəticəsində Kəlbəcər Ermənistan ordusu tərəfindən işğal edildi. 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, həmin qüvvələr xalqın ən ağır dövründə insanların fəryadına cavab vermədilər, bununla da torpaqlarımızın işğal olunmasına şərait yaratdılar: "Yalnız Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xaosa, anarxiyaya son qoyuldu. Həmin vaxtdan əsası qoyulan siyasət tarixi zəfərimizlə, ərazi bütövlüyümüzün və suverenliyimizin bütün ərazilərimizdə tam bərpa olunması ilə nəticələndi.

Bu gün digər azad edilmiş digər ərazilərimiz kimi Kəlbəcər rayonu da müasir tələblər səviyyəsində yenidən qurulur. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə, o cümlədən Kəlbəcərə səfərləri zamanı yeni infrastruktur obyektlərinin açılışı olur, təməlləri qoyulur. Qısa zamanda görülən böyük həcmli işlərin əsasında soydaşlarımızın tezliklə bu torpaqlara qayıdışı dayanır. Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Kəlbəcər rayonunda hazırda genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Dövlət başçısının ötən ilin sentyabr ayında Kəlbəcərə səfəri zamanı Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının, “İstisu” mineral su zavodunun, “İstisu” yarımstansiyasının açılış, ikinci yaşayış kompleksinin, inzibati binanın, İstisu qəsəbəsinin təməlqoyma mərasimləri keçirildi. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə, Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi ilə, 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq oldu. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Bu imkanlardan səmərəli istifadə gələcəkdə Azərbaycanın davamlı inkişafında əhəmiyyətli rol oynayacaq. Tezliklə kəlbəcərlilərin də öz doğma yurd-yuvalarına qayıdışının sevincini yaşayacağıq".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə