Ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə martın 6-da Xankəndi, Əsgəran və Xocalıya yola düşüblər. SİA mövzu ilə əlaqədar partiya rəhbərlərinin fikirlərini öyrənib.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: "Bu gün Prezident Administrasiyasının bilavasitə təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri, eləcə də bir sıra politoloqlar kütləvi informasiya vasitələri və nümayəndələri, eləcə də ictimai-siyasi xadimlərin Qarabağa növbəti səfəri baş tutub. Bu səfər çərçivəsində Xocavənd, Xocalı, Ballıca kəndi və Xankəndi şəhərində olduq. Bundan sonra ilkin olaraq Ağdama, sonra Zəngilan, iki dəfə Şuşaya bu kontekstdə, bu təşkilatçılıqla səfərlərimiz baş tutub. İlk səfərlər bizdə pərişanlıq yaradırdı. Çünki bu ərazilərimizdə infrastruktur darmadağın olunub, torpağı belə yandırıblar. Binalar, şəhər, qəsəbələr yerlə-yeksan edilib. Bütün bu mənzərəni görmək çox ağır idi. Eyni zamanda qürur hissi keçirirdik. Möhtəşəm qələbəmizdən sonra həmişə də keçiririk ki, biz yenidən Qarabağa qayıdırıq, Qarabağı əvvəlki görüşünə, hətta daha möhtəşəm görünüşə gətirib çıxarmağa nail olacağıq.
Bu gün qürur hissimiz digər hislərimizi üstələyib, çünki artıq bu ərazilərə Azərbaycan insanı qayıdıb. Bizim qanayan yaranmız olan Xocalıda biz yeni abadlıq işlərinin həyata keçirilməsinə şahidlik etdik. Yeni orta məktəb və məktəbin idman meydançasında futbol oynayan uşaqları görəndə, təbii ki, qürur hissimiz bir qədər də artdı.
Bu gün Qarabağ yenidən qurulmaqdadır. Çox möhtəşəm işlər görülür. Bu işlərə şahidlik edirik. Bu tarixi günlərə şahidlik edirik. Bizə bu günləri yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirik. Eyni zamanda əsgərlərimizə, ordumuza, Qarabağı qurub-yaradan insanlarımızın hər birinə Allahdan can sağlığı diləyirik.
Bu Zəfərin əsas müəllifi olan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə xüsusi minnətdarlıq düşür. Çünki bütün bu görülən işlərin müəllifi cənab Prezidentdir. Abadlıq, quruculuq işlərinə bilavasitə rəhbərlik etməklə Qarabağın yenidən məskunlaşması, həyat qayıtmasına nail olunub. Artıq insanımız Qarabağa qayıtdıqca bu torpaq da canlanıb. Başqa bir mənzərə var. Bugünkü hisslərimiz bir qədər də bizi qürurlandırır. Qarabağımızın belə inkişafını gördükcə qürur hissi keçirməmək mümkün deyil".
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: "Hal-hazırda biz Əsgəran rayonunu keçdik, Xocalıdayıq. Çox böyük təəssüratla biz bu rayonlardan ayrılırıq. Bu, Azərbaycan tarixində, bəlkə də, görünməyən hadisədir. Uzun illər Xocalının, Əsgəranın, Şuşanın, Laçının, Xankəndinin həsrətində olan millət, nəhayət, Ali Baş Komandanın rəhbərliyi altında öz torpaqlarına qayıtdı. Açıq deyim, bizim üçün çox böyük bir təəssüratdır. Sanki bu məsələ öz həllini qısa müddətdə tapdı. Hal-hazırda quruculuq işləri gedir. Nə qədər insan geri qayıdıb. Bizi sevindirən odur ki, məktəbin önündə uşaqlar futbol oynayırlar. Bu, çox tarixi bir hadisədir.
Qarabağda quruculuq işləri gedir. Bunu görüb deməmək özü vicdansızlıqdır. Hər halda bizim bugünki Prezident Aparatının rəhbərliyi ilə bu məsələ təşkil olunub. Biz də gördüklərimizi, bildiklərimizi təbliğ etməliyik. Xalqımız arasında dövlət işləri geniş şəkildə təbliğ olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə