"8 Noyabr zəfəri bizi yeni uğurlara ruhlandıracaq” - MÜNASİBƏT BİLDİRİLDİ

“8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində ən şanlı qələbədir. Bu zəfərin memarı isə Azərbaycan Prezidenti, Azərbaycan əsgəri, Azərbaycan xalqıdır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov bildirib.

O bildirib ki, 8 Noyabr zəfəri öz böyüklüyü, prinsipiallığı, regional və qlobal hadisələrə təsir gücünə görə unikaldır: “8 Noyabr zəfəri Azərbaycanın hərb və dövlətçilik tarixində müstəsna yeri olan bir hadisədir. Bu qələbə dövlətçilik tariximizdəki bugünəqədərki zəfərləri bir çox parametrlərinə görə üstələməkdədir. Bu amillərdən biri 8 Noyabr zəfərinin 200 illik erməni həyasızlığına, soyqırım və təcavüz siyasətinə ən effektiv cavab olmasıdır. Azərbaycan 8 Noyabr zəfəri ilə erməni faşizminə ölümcül zərbə endirdi, onun dayaqlarını sarsıtdı.

30 ildir ki, davam edən erməni işğalı Azərbaycanın ərazi bütövlyünü pozmaqla yanaşı, həm də dövlətimizin inkişafını əngəlləyən, onun tərəqqisinə mane olan başlıca amil idi. Azərbaycanın öz torpaqlarının 20%-i üzərində faktiki olaraq nəzarəti yox idi. Ermənistan bu ərazilərdə böyük talanlar həyata keçirir, təbii sərvətlərimizi vəhşicəsinə istismar edir, bu ərazilərdə narkotik plantasiyaları salırdı. Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün içində düşməni işğaldakı torpaqlarımızdan çıxarmaqla ərazi bütövlüyümüzü bərpa etdi, 30 illik işğala son qoydu. Azərbaycan 8 Noyabr zəfəri ilə bütün türk dünyasına zəfər qüruru, qələbə sevinci yaşatdı. Azərbaycan bununla sübut etdi ki, o, həqiqətən də məğlubedilməzdir və onunla güc dili ilə danışmaq istəyənlərin aqibəti hər zaman acınacaqlı olur.

İşğaldakı torpaqların azad edilməsi Azərbaycana köçkün probleminə son qoymağa, bu ərzilərin iqtisadi potensialından yararlanmağa imkan verdi. İşğaldakı torpaqların azad edilməsi ilə Azərbaycan bu ərazilərin mina və digər döyüş sursatların təmizlənməsinə start verdi. Bu gün də davam edən məlum prosesə paralel olaraq, həmin ərazilərdə geniş quruculuq işləri həyata keçirməyə başadı. Məhz bütün bu işlərin nəticəsidir ki, artıq yüzlərlə ailə işğaldan azad edilən ərazilərdə məskumlaşdırılıb, onların məşğulluq problemi, sosial təminatı və s. kimi məsələlər dövlətimiz təəfindən öz həllini tapıb".

"Bu gün Azərbaycan işğaldan azad edilən ərazilərin iqtsiadi potensialından geniş istifadə edərək xalqımızın rifaının daha da yaxşılaşmasına çalışır. Artıq Qarabağda onlarla müəssisəsi fəaliyyət göstərməkdə, kənd təsərrüfatı və sənaye ilə bağlı yeni-yeni istehsalat sahələri yaradılmaqdadır. Görülən və görülməkdə olan bu işlər dövlətimizin iqtisadi gücünü artırmağa imkan verir.

Müasir Azərbaycan türk dünyası ailəsinin bir üzvü kimi sürətlə inkişaf etməkdə, böyük uğurlara imza atmaqdadır. Və bundan illər, əsrlər sonra da 8 Noyabr zəfəri bizim üçün yeni mübarizələr baxımından mənəvi sitimul olmaqda davam edəcək, bizi yeni qələbələrə, yeni uğurlara ruhlandıracaq” - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə